Ana Dilimizdə Alınma Sözlərin İşlədilməsi

0
Ana Dilimizdə Alınma Sözlərin İşlədilməsi

Azərbaycan Türk Dilində Alınma Sözlərin İşlədilməsi

Dünyada elə bir dil yoxdur ki, onda başqa dillərdən alınma sözlər olmasın. Hər bir dil kimi bizim də ana dilimizdə alınma sözlər var. Bu sözlər inanılmaz qədər çoxdur, həm də onlara elə öyrəşmişik ki, artıq hansı sözün doğma, hansılarınsa ana dilimizə başqa dillərdən alınma olduğunu anlamaq üçün dilçilərə (filoloq) soruşmaq gərəkdir. Bu bloq yazımızda sizlərə niyə və nə zaman başqa dillərdən söz aldığımızdan, hansı sözlərin alınma olduğundan, bir neçə sözün isə dilimizdə olan qarşılığından danışacağıq. Beləliklə, başlayaq:

Nə Üçün Başqa Dillərdən Sözlər Alınır?

Yeni texnologiyaların tapılması ilə (televizor, radio, internet, sayt), ya da bizə yad olan nələrəsə (banan, kakos, kivi, ananas) ad qoyarkən başqa dillərdən yararlanırıq (alınan sözləri öz dilimizə uyğunlaşdıraraq). Bu çox normal bir işdir və hər bir dil bu yoldan keçmişdir. Ən az alınma sözlər İngilis, Alman və Ərəb dillərində olmasına baxmayaraq bu dillərdəki sözlərin də haradasa 60 %-i alınma sözlərdir.

Ana Dilimizdən Başqa Dillərə Keçmiş Sözlər

Söz keçidi başlıca olaraq qonşu ölkələr arasında baş verir. Örnək olaraq Türk dilindən Ruscaya keçmiş sözləri göstərə bilərik: утюк (ütü), кирпич (kərpic), сундук (sandıq), айва (heyva), арбуз (qarpız), караул (qaravul), очак (ocaq), туман (duman), кочевать (köç etmək), карандаш (qara daş), таскать (taşımak/daşımaq), сунуть (sunmaq, uzatmaq), тыль (dal/tal, tıl), толстый (dolu/tolu, dolğun), сыпать (səpmək), бок (böyür/bokur), qığılçım anlamında işlədilən искра (isti, isticə), пища (bişmə, bişmiş), чертеж (çərtmə, çərtiş), кусок (kəsik), край (kırak/qıraq), платить (pul saymaq, pul atmaq), область (oba, obalaşdı), ruslar özünü çox yeməkdən güdmək/qorumaq anlamında işlətdikləri пост (pusmaq, pusqu) və bir çox başqaları.

Yüzilliklər boyu birlikdə yaşadığımız farslar da bizim dilimizdən çox geniş yararlanmışlar (ordu, bağ, boran, boşqab və b.)

Alınma Sözlər Yaxşıdır, Yoxsa Pis?!

Alınma sözlər yeni yaradılmış sözlərlə birlikdə dilin böyüməsi üçün çox önəmlidir. Ancaq bu iş çox böyük bacarıq istəyir ki, dilin korlanmasının qarşısı alınsın.

İngilis, Alman və Ərəb dilləri kimi bir çox dillər üçün belə hallara qarşı qorunma işləri aparılır ki, yerli-yersiz başqa dillərdən sözlər götürülməsin. Avropa ölkələrində isə linqvistik polislər var ki, onlar təhsil ocaqları və ictimai yerlərdə dilin düzgün işlədilməsinə nəzarət edir.

Bəs alınma sözlər hər hansı bir dildəki sözlərin sayını çoxaldaraq daha da geniş seçim verirsə, bundan nə üçün yararlanmaq istəmirlər?! Bu sorğunu öz ana dilimiz üzərindən araşdıraq.

Alınma Sözlərin Deyilişi Çox Çətindir – Hər bir dilin öz düzülüşü, səslənməsi olduğundan alınma sözlərin deyilməsində insanlar çətinlik çəkir. Yəqin ki, siz də razılaşarsınız ki, dil ünsiyyət vasitəsidirsə, ünsiyyətə başlamadan belə çətinliklərlə qarşılaşmaq heç də ürəkaçan deyil.

Yazılışda Anlaşılmazlıqlar – Doğrudur, bir çox hallarda alınma sözlər dəyişdirilərək dilimizə uyğunlaşdırılsa da sonradan başqa çətinliklər yaranır. Örnək olaraq təəssüb, təəssüf və təəccüb sözlərini yoxlayaraq başlaya bilərsiniz. Yanınızdakı 10 nəfər ali təhsilli yoldaşınızdan bu sözləri düzgün yazmalarını istəsəniz mən əminəm ki, 90 % yanlış sonuc alacaqsınız. Mən öz təcrübəmə güvənərək deyə bilərəm ki, yazılışında çətinlik çəkdiyimiz sözlərin 100%-i alınma sözlərdir. Dörd heçalı ailəli sözünü isə sətirdən sətirə keçirmək üçün hecalara ayırmaq çalışmasını da çox az insan çözə bilər: ai-lə-li.

Uşaqlara Anlatmaq Üçün “Dərs” Keçmək Gərəkir – Yazıb-oxumağa yeni başlamış uşağa karandaş tutmağı öyrətmək yerinə sanki xarici dil öyrədilən kimi sözləri anlatmaq gərəkir. Örnək: azyaşlı bir uşağa “məsələni həll et” desək heç nə anlamayacaq, ancaq “çalışmanı bitir” söyləsək bizə edə bilməyəcəyini bildirər. Kimə deyərik ki, mənə 2 ədəd alma gətir? Şaquli və üfiqi sözlərini yadda saxlamaq üçün nə qədər əziyyət çəkmisiniz? Bunun yerinə uyğun olaraq dik və yastı/eninə/yatay işlədilməli olsaydı bu işi ən azı 2 dəfə asanlaşdırmış olardıq. Hər birimiz bilirik ki, paralel düz xəttlər kəsişmir. Bunu çətinliklə də olsa məktəbdən öyrənmişik, ancaq sizə desəm ki, yanaşı düz cızıqlar kəsişmir bunu anlatmağa gərək varmı? Əgər düz cızıqlar yanaşıdırsa onlar necə kəsişə bilər?! Onda onların qarşıda əyilməsi gərəkdir ki, artıq düz cızıq olmayacaqlar. Hərifləri yeni öyrənmiş və yazı yazmağa yenicə başlamış bir uşaq dairə və çevrə yazmaq istəsə əlbəttə ki, dairə sözünü yanlış, çevrə sözünü isə düzgün yazacaqdır. Terminlərə doğru getdikcə belə çətinliklər daha çox olacaq. Buna görə də hər bir dilin saflığı həmin dildə danışanlara asanlıq gətirməklə yanaşı, insanların gözü önündə daha geniş görüntü açar.

Alınma Sözləri Doğma Sözlərimizdən Neçə Seçmək Olar

Orta məktəbdə Azərbaycan dilindəki alınma sözlərlə ilk dəfə olaraq V sinifdə tanış olurlar. X sinifdə isə bu bilgilər azacıq dərinləşdirilərək yenidən çatdırılır ki, dilimizdəki alınma sözləri 2 yerə ayırmaq olar:

  • Ərəb və Fars dilindən alınma sözlər çox keçmişdən – orta əsrlərdən dilimizə keçdiyindən onları ayırmaq heç də asan deyil.
  • Avropa dillərindən alınanlar isə beynəlmiləl sözlərdir və başlıca olaraq yeni texnologiyaların yaranması ilə dilimizə keçmişdir.

Ana dilimizə yad olan sözlərin bir sıra oxşarlıqları vardır:

  1. Sözdə iki saitin yanaşı işlənməsi (örnək: ailə, zəif, səadət, müəllim, maaş, bədii, mətbəə)
  2. Sözdə uzun deyilişli saitin islənməsi (örnək: arif, aləm, bəzi, məna, elan, mötəbər, musiqi, sufi, sadə, şöbə)
  3. Sözün r samiti ilə başlanması (örnək: razı, rahat, rəssam, rəf, rütbə, rəndə, roman)
  4. İstər sözün başlanğıcında, sonunda, istərsə də ortasında j samitinin işlənməsi (örnək: janr, müjdə, əjdaha, qaraj, jurnal, montaj)
  5. Əvvəllər apostrofla işlənmiş bütün sözlər (örnək: şe’r, ne’mət, ə’la, mə’na, mö’tərizə, vüs’ət, cür’ət, sür’ət, sün’i, məs’ul, E’tibar). Belə sözlərin hamısı ərəb kökənlidir.
  6. Vurğusu son hecaya düşməyən sözlərin çoxu (bayaq, bildir, dünən, necə, niyə, ancaq, yalnız, sanki kimi əsl Azərbaycan sözlərindən başqa).
  7. Sözdə ahəng qanununun pozulması (örnək: aşiq, məktub, vəfa, ticarət və b.) İlıq, işıq, inam və b. əsl Azərbaycan sözlərindən başqa.
  8. Sonu –at (–ət) şəkilçisi ilə bitən sözlər: hesabat, təxribat, heyvanat, təlimat və b.
  9. Təkhecalı sözlərin sonunda qoşa samitlərin işlənməsi: həll, sirr, xətt, hiss, həzz, fənn, tibb, həqq, hədd, qəşş, zənn.
  10. Qoşa yy samitli sözlərin hamısı: xasiyyət, əziyyət, ədəbiyyat, nəqliyyat, təyyarə.
  11. Ərəb və Fars dillərindən alınmış bir sıra sözlər isə la, na, bi, ba ön şəkilçiləri ilə birlikdə dilimizə keçmişdir. Örnək: laməkan (yersiz), laqeyd (baxımsız), naşükür (alqışsız), naməlum (bilinməyən), nalayiq (yaraşmayan), nanəcib (nəcib olmayan), bisavad (biliksiz), biədəb (qanacaqsız), bişüur (düşüncəsiz), bamazə və b. Burda da natəmiz, nadinc, nakişi kimi öz sözlərimiz olan nümunələr var.
  12. Təhsil və dinlə bağlı sözlərin çoxusu da Ərəb və Fars dillərindən alınma sözlərdir. Örnək: məktəb, kitab, dərs, tədris, sinif, lövhə, tabaşir, elm, təlim, mədrəsə, dəftər, kati, ilahi, peyğəmbər, imam, məscid, səcdə, namaz, dəstamaz, ibadət, molla, möhür, axirət, behişt, camaat, cəhənnəm və b.
  13. Kökündən dəyişən sözlər (fleksiyaya uğramış sözlər): elm-alim-üləma, eşq-aşiq-məşuq-məşuqə, nəzm-nizam-Nizami-Nazim-mənzum
  14. Sonu o, ö, e saitləri ilə bitən sözlər alınmadır: kino, büro, Nitşe və b.
  15. Sözün önündə iki samitin yanaşı gəlməsi də əsl Azərbaycan sözləri üçün yaddır (örnək: plan, prospekt, şkaf, stəkan, tramplin və b.) Belə sözlər, başlıca olaraq, Avropa dillərindən alınmış sözlərdir.

Eynilə bu uyğunsuzluqları olan insan adları da bizim üçün yaddır: Abdulla, Niyaməddin, Alim, Asif, Vasif, Zamiq, Samir, Famil, Fuad, Fərhad, Ruslan, Rəşad, Səyyarə, Südabə, Dirrubə, Xatirə, Rübabə, Jalə, Minarə, Təhminə, Qənirə, Pakizə və b.b.

Ana Dilimizdəki Doğma Sözlər SEO üçün Yaxşıdır

“Xalqa yaxın dildə” yazan şairlər haqqında eşitməmiş olmazsınız. Ana dilimizdəki doğma sözlər bir-birimizi çox asanlıqla anlamağımıza yardımçı olur. Alınma sözlərdən nə qədər çox yararlanarıqsa anlamaq üçün də bir o qədər çox düşünməli oluruq. Deməli saytdakı yazıları da doğma sözlərimizlə yazsaq oxuculara daha asan olar. Bu məsələnin bir tərəfi.

Ancaq content yaradanlar sayt yazılarını yazarkən eyni zamanda SEO (Search Engine Optimization) haqqında da düşünürlər. Daha doğrusu yazmağa başlamazdan öncə açarsözləri və taglar toplayıb mətn boyunca bu sözlər və sinonimləri ətrafında fırlanırlar.

Dilimiz flexible (çevik) dil olduğuna görə bir sözdən başqa sözlərin yaradılması çox asandır. Bu durumda örnək olaraq, “vəziyyət” yerinə “durum” yazmağımız qısa olmasına baxmayaraq daha bir yaxın anlamlı “dur” sözünü işlətməyimizə gətirib çıxarar. Halbuki, vəziyyət sözü uzun olmasına baxmayaraq ondan uyğun başqa söz almaq olmur. Belə misallar çox çəkmək olar:

  • əvvəl; başlanğıc (baş, başla, başlan)
  • istifadə; yararlanmaq (yar, yara, yarar, yararlan, yararlanma)
  • hücum; saldırı (sal, saldır),  ya da bas-qı
  • bloq; gündəlik (gün, gündə)
  • həyat; yaşam (yaş, yaşa)

Bir çox hallarda contentin geniş əhatəli olması üçün yaxşı olar ki, bütün sinonim sözlərdən istifadə edilsin. Yenə də unutmaq lazım deyil ki, “xalqa yaxın dildə” yazmaq oxucunun özü də bilmədən sayğısını qazanmaq deməkdir.

Yeni-Yeni Alınma Sözlərin Sayı Çoxalır

Bizim saytımız da başdan ayağa alınma sözlərlə, hələ çox vaxt İngilis dilinin hərfləri ilə doludur. Bununsa səbəbi həmin terminlərin hələ dilimizə çevrilməməsi, qarşılığının yaradılmaması, ya da yetərincə yayılmamasındadır. Əslində isə dilimizdə yeni sözlərin (neologizmlər) yaradılması çox asandır. Bu sözlər dilimizdə nisbətən yeni yaradılmış sözlər sayılır: özəlləşdirmə, soyqırımı, nəfəslik, işbirliyi, soykökü, bölgə, yayım, açıqca, soyad, soydaş, durum, cangüdən, çağdaş, güvənlik.

Biz sıra sözlər var ki, keçmişdə işlədilsə də çağdaş yaşamımız üçün öz anlamını itirmişdir. Keçmiş həyat və məişət tərzi ilə bağlı olan köhnəlmiş sözlər tarixizm adlanır. Məsələn: dəbilqə (dəmir papaq), çarıq (gön ayaqqabı), daqqa (dəri papaq), darğa (şəhər, vilayət hakimi), toppuz (başı girdə çomaq, qədim silah növü), güyüm (iri mis qab), təknə (ağac kötüyündən hazırlanmış iri qab), yasavul (keçmişdə polis nəfəri), girvənkə (çəki vahidi), xurcun (ikigözlü heybə – torba), kəndxuda (kəndin başçısı), baqqal (yeyinti malları satan dükançı) və s.

Dilimizdəki bəzi sözlər zaman keçdikcə unudulur. Belə sözlərə köhnəlmiş sözlər (arxaizmlər) deyilir. Məsələn: “Kitabi-Dədə Qorqud” dastanında, Q. Bürhanəddin və İ.Nəsiminin şerlərində işlənən ayıtmaq (demək, söyləmək), tanıq (şahid), sayru (xəstə), güz (payız), us (ağıl), əsən (sağ, salamat), əsrük (sərxoş), altun (qızıl), damu və ya tamu (cəhənnəm), uçmaq (cənnət), ün (səs), nəsnə (şey), arı (təmiz), suç (günah), danla (sabah), duş (yuxu), ayaq (qədəh) və b. sözlər artıq arxaizmlərdir.

Sonda isə demək istərdim ki, ana dilimizin saflığını qorumaq hər birimizin borcudur. Biz də saytımızda İngilis dilində sözlərdən olduqca az yararlanmağa çalışırıq.