Sayt yaratmaq işinə yeni başlayanlar SEO anlayışı ilə qarşılaşacaqlar. Bu söz İngilis dilindəki Search Engine Optimization sözlərinin qısaldılmasıdır. SEO – saytların düzgün yaradılması yolu ilə, heç bir ödəniş etmədən axtarış sistemlərininin nəticələrində ilk sıralarda tapılmasıdır.
SEO Nə Üçün Lazımdır?
Saytlar nə qədər yaxşı qurulsa da əsas məsələ sayta girənlərin sayının artırılmasıdır. Axı heç kəs saytı özü üçün yaratmır. Dost-tanışlar geniş oxucu/alıcı kütləsinin sayta girməsini təmin etmək üçün yetərli deyil. Bu zaman yeni ziyarətçilərin tapılması işində axtarış sistemləri yardımçımız olacaq. İnsanlar internetdə axtardıqları hər şeyi, bilmədikləri saytları tapmaq üçün axtarış sistemlərindən istifadə edirlər. Axtarış motorları da öz növbəsində bütün xırdalıqları nəzərə alaraq axtarılmış sözlərə ən uyğun nəticələri göstərməyə çalışırlar. Belə ki, Bakı şəhərində bir nəfər “dizayn studiya” axtarırsa, nəticə səhifəsində Gəncə, Mingəçevir və ya Sumqayıtın dizayn studiyalarının saytlarını görməsi vacib deyil. Ya da nəticə olaraq gözəllik salonlarının saytlarının görsənməsini istəməz.
Buna görə axtarış sistemlərinin ən əsas işi istifadəçilərin axtardığı sözlərlə birlikdə başqa elementləri də araşdıraraq ən uyğun nəticələri göstərməkdir. Eyni zamanda bütün sayt sahibləri mümkün qədər çox sözlərə görə axtarışlarda öz saytının ilk sıralarda tapılmasını istəyir. Buradan da rəqabət yaranır.
SEO, yoxsa SEM – Hansı Daha Yaxşıdır?
SEO ilə saytınızın axtarış sistemlərində tapılmasını ödənişsiz olaraq təmin edə bilərsiniz. Ancaq bundan əlavə olaraq axtarış sistemləri ödəniş yolu ilə ilk sıralarda tapılma xidmətlərini təklif edir. Çox əlverilşli Pay Per Click (PPC) sistemi ilə reklamverən yalnız reklam üzərinə tıklanmasından sonra (yəni ki, axtarış sistemlərindən sayta girişlər üçün) ödəniş etməklə ilk sıralarda tapıla bilər. Bu həm də qarantilənmiş şəkildə olar. Bütün bu işlərlə Search Engine Marketing (SEM) adı ilə bir çox digital marketinq şirkətləri məşğul olur. Bu zaman sual yaranır ki, əgər axtarış sistemlərinə kiçik ödənişlər etməklə ilk sırada tapılmaq mümkündürsə, bu qədər zaman və zəhmət tələb edən SEO lazımdırmı?
Search Engine Marketinq yolunu seçən şirkətlər çox tez bir zamanda nəticə alır. Reklamlar verilməyə başlandığı andan artıq yeni ziyarətçilər qazanılır. Bütün ziyarətçilərin alıcılara çevrilməsi üçünsə reklam kampaniyalarının düzgün yaradılması lazımdır (ya da bu işlə məşğul olan marketinq şirkətlərinə sifariş edilə bilər).
SEM-dən fərqli olaraq Search Engine Optimization (SEO) işləri daha asandır. Bunun üçün böyük marketinq bilikləri tələb olunmadığına görə ayrılmış büdcə də çox kiçik ola bilər. Həm də ən başlıca tələb saytın düzgün qurulmasıdır ki, bu da hər halda lazımlı işlərdəndir. SEO-nun da çatışmamazlıqları var: beləki, SEO işlərinin aparılmasına ən yaxşı halda bir neçə ay lazımdır ki, hər hansı nəticə görsənsin. Axtarış saytlarının yuxarılarında yer almaq üçün periodik çalışmaq və səbirli olmaq gərəkir. Ancaq ödənişli reklamlardan fərqli olaraq əldə edilmiş uğur hətta SEO işləri aparılmadıqda belə uzun müddət öz mövqeyini qoruyaraq siz dincəlirkən belə sizin üçün çalışmağa davam edəcəkdir.
SEO-nun Əsasları: Title, Description və Keywords Metadataları
Axtarış sistemlərinə optimizasiya Metadata verilənlərdən başlayır. Metadata HTML sənədinin verilənləridir və saytdakı ziyarətçilərə görsənmir. Bu əmrlər axtarış sistemləri üçün yazılır desək yanılmarıq, ancaq fikrimcə axtarış sistemlərinin saytların qarşısına qoyduğu bütün tələblər saytların öz işinə yarayır və hər biri ayrı-ayrılıqda sayt üçün önəmlidir.
Bütün meta əmrlərindən qabaq yerləşdirilir ki, onlardan da ən önəmli olanlar Title, Description və Keywords-dur.
Götürək Title (Başlıq) verilənlərini: bu saytın hər bir səhifəsinin adlandıran əmrdir. Axtarış sistemlərinə saytın səhifələrinin adını bildirməklə yanaşı qonaqlara/oxuculara da explorerin (bələdçi) yuxarısında görsənir. HTML sənədin başlığını bildirmək üçün onun Title meta verilənini göstərmək gərəkdir, burada əmrindən yararlanırıq:
<html>
<head>
<title>Səhifənin Başlığı</title>
</head>
<body>
<p>...</p>
</body>
</html>
Hər bir səhifənin başlığı unikal olmaqla 40-70 arası simvoldan təşkil edilməlidir.
Description açıqlama deməkdir və veb-saytın hər bir səhifəsinin nə haqqında olduğunu açıqlamaq üçündür. Bu metadata da eynilə title kimi body-dən öncə gəlməli və beləliklə ziyarətçilərə görsənməyəcək. Axtarış sistemləri isə səhifə haqqında bilgiləri başlıca olaraq bu veriləndən alır, nəticələrdə axtarana göstərərək ilkin məlumat vermiş olur.
<meta name="description" content="Bu bloq yazımızda SEO nədir? sualına cavab tapacaqsınız.">
Keywords – açar sözləri SEO-da ən önəmli elementlərdən biridir (birincisidir desək yanılmarıq). Saytın hər bir websəhifəsini yaratmazdan qabaq həmin səhifənin hansı sözlərin axtarışında tapılması düşünüldüyünü bilmək gərəkdir. Hər bir səhifənin özünün ayrıca açar sözləri olmalıdır.
<meta name="keywords" content="SEO, axtarış, keywords, title, description">
Google axtarış saytında “mobil uyğulamalı saytlar” axtardığımızda alınan nəticə üzərindən baxaq:
Daxili və Xarici SEO
Ancaq əslində SEO saytdaxili və xarici kimi 2 qrupa bölünən işlərdən qurulmuşdir. Saytın SEO-su üçün daxili işlərinə saytın məzmunu, dizaynı, müəlliflik, yazıların həcmi, açar sözləri kimi elementləri aid edə biləriksə, xarici işlərdə backlinks, SMM ilə çalışmaq olar. Saytların axtarış nəticələrinə daxili və xarici SEO-dan başqa ziyarətçilərin saytda qalma müddəti, apardıqları əməliyyatlar, giriş və çıxış nöqtələri də təsir edir.
Buna görə də xatırlatmaq lazımdır ki, biz burada yalnız “SEO nədir?” sualına cavab axtararaq SEO-nun əsas elementlərini gözdən keçirdik. Gələcək bloq yazılarımızı izləməyi unutmayın və hər addımda yaranmış sualları rəylərdə soruşun.
Salam. Saytımda bütün SEO işlərini bildiklərimi qurmuşam və əksər qoşduğum axtarış sözünə uyğun Googledə çıxır saytım. Amma əsas səhifəm görünmür. Hətta əsas səhifə üçün axtarış sözümü yazanda digər yan səhifələri gətirir amma əsas səhifəni yox. Problem nə ola bilər. Saytı qeyd etmişəm bilgilərdə.
Salam, Cavid bəy! Saytınız vizual olaraq çox xoşdur. Ancaq bildiyiniz kimi, SEO işlərini görüb bitirmək mümkünsüzdür ;)
Sizin saytda bir neçə önəmli baza işləri görülməyib:
– səhifələrin hər birində bir dənə
Header1 – Başlıq
yazısı olmalıdır
– səhifələrdə həddindən çox < h2 >Header2 başlıqları var
– saytdakı şəkillərə “alt” açıqlamalarının verilməsi gərəkdir
– formatlama kodlarını bir .CSS faylında toplamağınız məsləhətdir
– saytın açılma sürəti aşağıdır
və başqa bir çox səbəblər. Əslində isə bütün bunları boş verib tək o böyük səhvinizi (ya da anlaşılmazlığı) düzəltməlisiniz: indiki SEO üçün backlinks çox önəmlidir. Sizin saytınıza keçid verən ilk sayt isə deyəsən bizim sayt oldu.
Hələ Facebook, Instagram və Twitter səhifənizdən də sizin olmayan elitacademy.az saytına keçid vermisiniz. Youtube kanalının başlığında da saytı göstərərsiniz.
Uğurlar!
Cavabınız üçün təşəkkürlər. Az domeni olan bu şirkətin köhnə saytıdır. Bu saytı 20 gün olar hazırlamışam. Digər səhifələrində qeyd edilib esaslari qalib, müştəri tənbəlliyi. CSS kodu wordpress de nece bir yere yigilir ki? Men Super Minify işlədirəm, Wp fastest cache işlədirəm yığcamlama üçün.
Köhnə domen daha yaxşıdır, Google üçün saytın yaşı önəmlidir. 20 gündürsə bir az daha gözləməkdə fayda var. Tam nəticə isə 1 ilin tamamında görsənəcək.
WordPress-də CSS kod susmaya görə avtomatik olaraq ayrıca bir faylda yığılır. Əsas məsələ bunun necə tərsini etdiyinizi tapmaqdır: bəlkə şablondandır (template).
Cache programı işlətməyiniz heç bilinmir, bəlkə yaxşısı deyil?! Mən Super, ya da W3 Total Cache pluginlərini önərirəm.
Altlıqda da (footer) şirkətin adını yazın və əsas səhifəyə keçid qoyun. SEO yemlər də olmalıdır (misal üçün, footerdə Xidmətlərin siyahısı və keçidləri yerləşdirin).
Tənbəllik qarşısında başqa səbəblər axtarmağın yeri yoxdur :))
Salam Seo ancaq web saytlar üçün yararlidir?
Mənim wap saytim var lakin 3 4ilin domaini olsada seousu hedden çox zəyifdir
Marağlisi ondadirki əksər hallarda saytin adini googledə axtardiqda mövcud olmayan və lazimsiz səhifələr gəlir
Salam, Ruslan bəy, SEO həm də Wapsaytlar üçün yararlıdır. Ancaq məncə wapsaytların SEO-su daha asan (görüləcək az işlə) və alınacaq nəticə də o qədər böyük olmayacaq.
Hə birdəki bu sistemdə reklam necə yerləşdirmək mümkündür?
Search Engine Marketinq
Google axtarış sistemində (search engine) reklam yerləşdirməyə başlamaq üçün keçidlər: https://www.google.com/ads/ və https://www.google.co.uk/adwords/
Иногда сайт хорошо ранжируется
по ключевым запросам в одной
поисковой системе, и плохо –
в другой.