5 Addımla Sosial Media Marketinq Planının Qurulması

1
5 Addımla Sosial Media Marketinq Planının Qurulması

5 Addımla Sosial Media Marketinq Planının Qurulması

Biznesiniz üçün nə qədər önəmli olmasından asılı olmayaraq Sosial Media Marketinq (SMM) planı ümumi Marketinq Planın bir parçası olmalıdır. İnternet marketinq hər şeydən öncə saytdan başlayır. Ancaq Azərbaycan reallığında bu hər zaman belə deyil. Öz saytını yaratmadan sosial şəbəkələr vasitəsilə satış təşkil edən çox insan tanıyırıq, hətta bəzi hallarda bu uğurlu da alınır. Əslində isə bu düzgün deyil və özülsüz ev tikməyə oxşayır. Ən azından bir çox zəhmətlə qazanılmış alıcıların uzun müddət sizin qalması üçün kiçik də olsa saytınızın olması önəmlidir. Sayt hazır olduqdan sonra geriyə qalır alıcıların ora gətirilməsi işlərinə: SEO, Email Marketing və indi planını qurmağa çalışdığımız SMM.

Bu bloq yazımızda sizi Sosial Media Marketinq üçün 5 addımdan qurulmuş işlər planı ilə tanış edirik. Hər dəfə yeni SMM planının qurulmasında aşağıdakılardan yararlanmağı məsləhət görürük.

Addım 1: Social Media Platformanızı Seçin

Əgər biznesiniz üçün social şəbəkə saytlarından hələ heç birinə qoşulmamısınızsa, ən yaxşısını seçmək üçün rəqiblərinizin social səhifələrini izləyin. Öz sahənizdə olan liderləri axtarın və onların Facebook, Twitter, Google+ izləyicilərinin sayına baxın.

Əgər onların Facebookda 200000, Twitterdə isə 1000 izləyiciləri varsa, bu sizin sahənin Facebookla daha yaxşı irəliləyə biləcəyinə işarədir (ancaq 1-dən mümkün qədər çox rəqibin səhifələrini yoxlamağa çalışın. Çünki ola bilsin kimsə bir social platformanı başqasından üstün tutmuş və orada daha çox çalışmışdır).

Addım 2: Social Media Profilinizi Quraşdırın

Sosial şəbəkələrdəki profil səhifəsinə adına uyğun qısa URL-ünvanı aldıqdan sonra geriyə qalır onun görünüşünü düzəltmək. Gözəl səhifəni izləmək istəyənlərin sayı daha çox olar. Saytınıza və başqa platformalardakı profillərinizə keçidlərin olması SEO üçün önəmli olmasından başqa həm ziyarətçilərin, həm də axtarış motorlarının inamını qazanmaqda yardımçı olacaq.

Sosial media platformanın verdiyi bütün imkanlardan yararlanmağa çalışın. Profilinizdəki bütün bölmələri doldurun: geniş biznes açıqlamasında açarsözlərini yazmağı unutmayın. Mümkün olduğu qədər ətraflı yazın, ancaq hərkəslə paylaşmaq istəmədiyiniz, ya da paylaşılmasından ziyan görə biləcəyiniz məlumatları paylaşmayın.

Profil şəklində birbaşa sizi – biznesinizi anlatan şəkil yerləşdirin. Şəxsi səhifədirsə öz şəklinizi yerləşdirməkdən çəkinməyin: çirkin yoxsa gözəl olmağınızdan asılı olmayaraq insanlar məhz sizinlə əlaqə qururlar. Biznes səhifəsinin də profil şəkli eynilə – yalnız və yalnız loqo olmalıdır.

Profili bacardığınız qədər açıq tutun və hərkəslə ünsiyyət qurmağa açıq olun: sosial medialarda hər şey insanların bir-birilə əlaqə qurması üçündür.

Addım 3: Sosial Şəbəkələrdə İnsanlarla Görüşün

Eyni temadan olan (eyni şəhərdə yaşayan, bənzər sahəni əhatə edən, alıcıları eyni olan) istifadəçiləri / səhifələri tapın və onlara abunə olun.

Sonra, baxın onları kim və onlar özləri kimi izləyirsə siz də izləyin. Niyə də yox? Yeni bir şəbəkə qurursunuz və bu zəncirdə ilk halqa sizsiniz – ilk addımları da siz atmalısınız. Şəbəkə tərəfindən əngəllənməmək üçün ucdantutma hərkəsi izləməyin, sadəcə ən önəmliləri izləyin.

Bir gündə min nəfəri izləsəniz siz spammer kimi görsənəcəksiniz. Çalışın bu işlərə hər gün bir az zaman ayırasınız. İzləməyə başladıqdan sonra onların paylaşmalarını öz yeniliklərinizdə görməyə başlayacaqsınız. Gözəl və yerində yazılmış rəylərlə danışıqlara qoşulun, onların yazılarını paylaşın. Bir müddət sonra insanlar sizin ciddi olduğunuza əmin olaraq sizə abunə olmağa başlayacaqlar.

Sizi izləyənləri izləməyi unutmayın, ancaq onların arasında da seçim etmək yaxşı olar.

Addım 4: Maraqlı Statusları Periodik Olaraq Paylaşın

Öz paylaşmalarınızın olması önəmlidir. Paylaşmaların tekst tazıları, qrafiklər, şəkillər və videolar kimi fərqli-fərqli formatlarda olması daha çox diqqət çəkər. Nə qədər maraqlı olarsa, o qədər də çox izləyici tərəfindən bəyənmə, paylaşma və geri bağlantı toplayarsınız.

Maraqlı statuslar necə olur?

  • Saytınızdan yazılar, şəkillər və videolar;
  • Sahəniz üzrə inanılmaz faktlar və statistikalar;
  • Pozitiv və ruhlandırıcı deyimlər hər zaman paylaşılır;
  • Sahəniz üzrə öyrədici, gülməli, ya da ruhlandırıcı videolar;
  • Emosional statuslar – fərqi yoxdur bu gülməlidir, yoxsa ağlamalı. İnsanlar başqalarını duymağı sevirlər. Əməkdaşların gözəl və unudulmaz anlarını paylaşmaq profilə canlılıq qatacaq;
  • Alıcıların nə düşündüklərini paylaşmaq da gözəldir;
  • Sahəniz üzrə tez-tez soruşulan suallar;
  • Elektron kitablar və pulsuz yükləmələr hərkəsə maraqlıdır;
  • Çətin tapılan tanıtım və ya çox gözəl reklam da maraqlı ola bilər.

Nə Qədər Tez-Tez Paylaşmalar Etməliyəm?

Nə qədər çox paylaşma etməyiniz biznes sahənizdən sosial media platformasına qədər bir neçə faktordan asılı ola bilər. Aşağıda örnəklər verməyə çalışdıq:

Facebookda Şəxsi Səhifəniz

Öncə onu deyim ki, mən özəl Facebook profilimizi biznes səhifəsinə çevirməyin düzgün olduğunu düşünmürəm. Bu sizi izləyən dostlarınızdan və biznesinizdən asılı olaraq mümkün də ola bilər. Sadəcə olaraq, biznes paylaşmaları öz adınızdan etməlisiniz. Belə olarsa, öz Facebook səhifənizdə biznesiniz haqqında istədiyiniz qədər yazmaq olar.

Facebook - Sosial Şəbəkə

Facebook – Sosial Şəbəkə

Əgər sosial şəbəkədəki bloqunuz olduqca profesionaldırsa, onu biznes səhifəsinə çevirib gündə 1-3 dəfə paylaşma edə bilərsiniz. Daha çox paylaşma etməklə bir sıra izləyicilərinizi itirmək riski də var. Biznesinizlə uyuşan, faydalı və satışı artırmağa yünəlmiş paylaşmaları hədəfə uyğun gələn izləyicilərin online olduğu zamanlarda paylaşmağa çalışın.

Twitter

Twitter birbaşa yayım kimidir: nə qədər çox yazsanız o qədər yaxşıdır. Hər dəfə günün başqa vaxtında başqa izləyicilər üçün yazmış olacaqsınız, buna görə də bir yazını bir neçə dəfə repost etmək (yenidən yazmaq) olar.

Google+

Professional biznes səhifəsi, yoxsa şəxsi olmasından asılı olmayaraq GooglePlus profilinizdən istədiyiniz qədər paylaşmalar edə bilərsiniz. Sadəcə çalışmalısınız ki, paylaşmalarınız maraqlı, faydalı və geniş əhatəyə xitab olunsun.

Instagram

Instagramda çox paylaşmalar etməklə insanları bezdirə bilərsiniz. Çünki başqa sosial səhifələrdən fərqli olaraq istifadəçilər Instagramı əsasən mobil telefondan işlədirlər. Gün içində bir neçə dəfə onları işindən ayırmağınız tez bir zamanda bezdirici ola bilər. Tez-tez paylaşmalar etməyin yerinə daha anlamlı və yaradıcı (creative) bir şeylər tapmağa çalışın.

Addım 5: Ölçün-Biçin və Uyğunlaşın

Nə qədər izləyicilərinizin olduğunu, izləyicilərin interneti hansı ölkədən hansı dildə işlətməsini, günün hansı saatlarında online olub – video, foto yoxsa yazı statuslarının daha çox izləndiyini araşdırın.

Harada olduğunuzu, nəyin daha yaxşı işləyib-işləməməsini bilməklə daha böyük uğurlar qazana bilərsiniz. Bütün trendləri izləyib hər bir çalışmanı vaxtında etməklə izləyici sayını çoxalda bilərsiniz.

Ən önəmlisi;

Tərk Etməyin – Sosial mediada izləyicilər toplamaq çox çalışma və uzun zaman istəyən bir işdir. Nəticə isə heç zaman yetərli görsənmir. Səbirli olun və çalışmalarınızı saxlamayın. Və bir gün necə də tanınmış olduğunuzu görəcəksiniz..