Domenlərin Qeydiyyatı: Düzgün Domen Adının Seçilməsi

0
Düzgün Domen Adının Seçimi Nə Üçün Önəmlidir
Düzgün Domen Adının Seçimi Nə Üçün Önəmlidir

WEB Dizayn Studiya domen adlarının qeydiyyatçısı olmasa da, düzgün domen adının seçilməsində Sizə hər bir köməyi göstərməyə hazırdır. Çünki hər bir saytın qurulması domen adından başlayır. Çünki saytın uğurlu olub-olmayacağı, yəni qazanc gətirib-gətirməyəcəyi birbaşa domen adından asılıdır. Boş yerə Tesla şirkəti Tesla.com domeninə 11 milyon ABŞ dolları (2014), Facebook Fb.com üçün 8,5 milyon (2010) verməyib ki!

Domen qiymətləri bu qədər ucuz olduğu halda, bir domen üçün milyonlarla dollar ödəmək ağılsızlıqdı? Bu hələ çox illər öncə olub. İndi gedən inflyasiyadan sonra bahalı domenlərin qiyməti daha da artıb. Pulları var, hara-necə gəldi xərcləyirlər? İlon Mask (Elon Musk) və Mark Zukerberq (Mark Zuckerberg) bu domenləri aldıqdan sonra necə deyərlər, mayasını bir neçə dəfə çıxarıblar. Hər ikisi bu yaxınlarda növbə ilə dünyanın ən varlı biznesmenləri siyahısına başçılıq ediblər. Bəlkə biz düzgün xərcləmirik?

Düzgün Domen Adının Seçimi Nə Üçün Önəmlidir

Nə üçün doğru-düzgün domen adı seçmək bu qədər önəmlidir? Gəlin veb-saytlara real həyatdakı obyektlər kimi baxaq: ev, ofis və ya dükan. Bu obyektlərin ünvanı olduğu kimi domen adları da veb-saytların ünvanlarıdır. Mərkəzdə yerləşən ev baha olar, yoxsa şəhərkənarında yerləşən? Ofislərin qiymətləri şəhərin mərkəzində bahadır, yoxsa şəhərdən uzaqda? Dükan açmaq şəhərin mərkəzində sərfəlidir, yoxsa şəhər ətrafında? Cavablar aydındır.

Domen Adı Nə Qədər Qısa Olarsa Qiyməti O Qədər Baha Olar

Bəs mərkəzdə yerləşən domen ünvanları hansılardır? Şəhərin mərkəzi hər kəsin tanıdığı ünvanlar kimi .com domen uzantısını da hər kəs bilir. Hələ qeydiyyata alınmamış .com domenləri hamısı eyni qiymətə satılır. Ancaq problem budur ki, .com ilə yaxşı domenlərin demək olar hamısı alınıb.

Bilirik ki, domen adları 67 simvola qədər istənilən uzunluqda ola bilər, ancaq kim uzun domen istəyər? Qısa domen şəhərin mərkəzinə yaxın – daha doğrusu dünyanın mərkəzində olmaq deməkdir. Domen nə qədər qısa olarsa, qiyməti də o qədər baha olmalıdır.

Azərbaycandakı Yerli Bizneslər Üçün .Az Domeni Daha Yaxşıdır

Bəxtinizi .az zonasında yoxlayın. Hətta biznesiniz birbaşa yerli Azərbaycan bazarı üçün qurulursa, o zaman .az domenini .com domenindən üstün tutmağınız məsləhət görülür. Bunun doğru olub-olmadığını yoxlamaq üçün Google-da bir axtarış aparın: axtarış nəticələrində daha çox .az uzantısı ilə bitən saytları görəcəksiz. Deməli, Google Azərbaycandan axtarış aparanlar istifadəçilərə daha çox .az zonasında olan saytları göstərməyə çalışır.

7 Simvola Qədər Olan Domenlər Uğurlu Sayılır

Ancaq bəxtinizdən, sizə uyğun hələ qeydiyyatdan keçilməmiş 3 simvoldan ibarət domen qarşınıza çıxarsa, düşünmədən ala bilərsiniz. Uduzmazsınız. Deyilənlərə görə, Google və başqa axtarış sistemləri 7 simvola qədər olan domenləri yaxşı qiymətləndirir və axtarış nəticələrində daha yuxarı səhifələrdə göstərir.

Özünüz də yoxlaya bilərsiz: axtarış sistemlərinin nəticələrinin ilk səhifəsində 10 simvoldan uzun domen adı ilə qarşılaşmaq demək olar ki, mümkün deyil. Heç yadımızda belə domen adı varmı ki?! Maraqlıdır ki, məşhur domenlər arasında 7-10 simvoldan ibarət olanlar da var: Wikipedia.org, Facebook.com, Bloomberg.com, Instagram.com, Britannica.com

Domen Adında -Tire İşarəsi Olmamalıdır

Bir də görürük zəng gəlir: “Domen adı almışıq, hostinq də var, WordPress-də yükləmişik, təkcə saytın hazırlanması qalıb. Saytı neçəyə yığarsız?” İndi bu qədər işin görülməsinə görə sayt hazırlanması xidmətinin qiymətindən nə qədər çıxaq? Əksinə, üzərinə gəlmək lazımdır.

Səhv domen adı almaqla saytın uğurunun üzərindən yaxşı bir xətt çəkmiş olursuz. Əgər domen iki sözdən ibarətdirsə “-” (tire) işarəsinə gərək yoxdur, birlikdə yazılmalıdır. Yox, əgər uyğun bütün domen adları alınıbsa, başqa çıxış yolu yoxdursa, o zaman tire ilə domen adı almaqdan başqa yol qalmır. Ancaq qeydiyyatdan keçmiş domeni qaytarmaq, dəyişmək mümkün deyil. Bu halda yenisini qeydiyyatdan keçmək lazımdır.

Dürüst Domen Qeydiyyatçısı Seçin

.Az zonasında domen qeydiyyatı üçün tanıdığımız tək ünvan Online.az saytıdır. Doğrudur, nə Əlaqə, nə Haqqımızda, nə də Qaydalara hansı şirkət olduğunu və VÖEN-i qeyd etməsələr də bu şirkət illər idi ki, .az domenləri üçün tək qeydiyyatçı idi. Telefon nömrələri var, zəng edərək o gizli olan ünvanı da öyrənə bilərsiniz. 6-cı və bazar günləri, bayramlarda nəinki ofis işləmir, heç domen qeydiyyatı əməliyyatı da tamamlanmır.

İndi Sayt.az, SmartHost.az kimi domen qeydiyyatçıları da peyda olmuşdur. Ancaq bunlar çətin olan .az domen qeydiyyatını bir az da çətinləşdiriblər, ya da bahalaşdırıblar. Heç bir halda .az domenləri üçün 20 AZN qeydiyyat (1 dəfəlik) və 20 AZN texniki servis (illik) haqqından artıq, əsas da az ödəniş etməyin. Əgər bundan ucuz qiymətə domen qeydiyyatı təklif olunarsa, həmin saytdan uzaqlaşın.

Çox Ucuz Domen Qeydiyyatından Qaçın

Bəzi qeydiyyatçı şirkətlər domen qeydiyyatını veb-hostinq xidmətləri ilə birləşdirərək endirim kampaniyaları keçirirlər. Bu normaldır, çünki web-hosting xidməti özü qarışıq bir sistemdir. Əsasən də vebsaytların qurulması və onların necə işləməsi haqqında məlumatları olmayanlar üçün. Bir çox provayder şirkətləri veb-hostinqin müxtəlif paketlərini o qədər qarışıq düzəltməyə çalışırlar ki, sonda alıcılar qarşılarına çıxan ilk variantı seçsinlər.

Onsuz da hosting xidmətlərinin paylaşılmış hostinq (shared hosting), VPS, Dedicated və Semi-Dedicated Server kimi fərqli növləri var, üstünə bir də ara qarışdırmağa çalışanlar gəlincə ortalıq yaxşıca qarışıq. Bəzi registratorlar .com domenini 3-5 dollara təklif edə bilir. Halbuki, .com domeninin qeydiyyatı 12,5 dollardır və 11 dollardan aşağı ola bilməz. Sadəcə bəzi böyük şirkətlər domen qeydiyyatını veb-hostinq xidməti ilə birlikdə aldıqda daha ucuz qiymətə edə bilərlər. Bu zaman onlar veb-hostinq xidmətindən əldə olunan gəlirin bir hissəsi ilə domen qeydiyyatında itirilmiş məbləğı bağlayırlar.

Ancaq bura da təhlükə var: bəzi registratorlar domeni lock edə bilərlər ki, ikinci il qiyməti dəfələrlə yüksək etdikdə sizin domeni daşımaq üçün səlahiyyətiniz olmasın. Bütün bunlar müqavilədə çox kiçik hərflərlə yazılır. Bundan başqa onlar xərcləri sizə göndərilən reklamlardan çıxacaqlarına əmindirlər.

Başqalarının sizin qediyyat emailinizi reklam şirkətlərinə satmaları və hələ domeni tam sizin adınıza qeydiyyatdan keçirməyənlərdən danışmıram. Buna görə də domen qeydiyyatından öncə internetdə araşdırma aparın və illərlə təcrübəsi olan, yaxşı müştəri xidmətləri ilə bağlı rəylər toplayan registratorla işə başlayın.

Düzgün Domen Adının Seçilməsi Üçün İpucları

Sonda düzgün domen adı seçimi üçün saydığımız ipuclarını təkrarlayaq:

  • Domen adı mümkün qədər qısa olmalıdır;
  • Domen adları 7-10 simvoldan çox olmamalıdır;
  • Domen adı .com zonasında olsa, daha yaxşıdır;
  • Azərbaycanda çalışan bizneslər üçün .az domeni düzgündür;
  • Domen adında “-” (tire) işarəsi olmasa yaxşıdır;
  • Düzgün domen qeydiyyatçısı seçin;
  • Domen adlarını qiymətindən çox ucuz almayın.