Yeni Sayta Domen Adı Alarkən Bu 10 Tələni Bilək

1
Yeni Sayta Domen Adı Alarkən Bu 10 Tələni Bilək

Domen Adların Qeydiyyatı

Domen adının seçilməsindən sonra, yəni əslində biznesə ad qoyduqdan sonra həmin ada uyğun domen alarkən hansı registratora üz tutacağımızı düşünməli oluruq. Əgər .az zonasında domen alırsınızsa, burada düşünməyə o qədər məsələ yoxdur: sadəcə bir ünvandan – online.az saytından ala bilərsiniz. Ya da (994 12) 598-02-29 nömrəsi ilə əlaqə saxlayaraq, Bakı şəhəri, S.Vurgun  küç. 17A ünvanında registrotor şirkət Reg.az MMC-yə yaxınlaşın. Başqa bir şirkət sizə .az zonasında domen satdığını söyləyərsə, bilin ki, onlar sadəcə resellerdir.

Azərbaycan Respublikasının vətəndaşları öz şəxsiyyət vəsiqəsilə yeni bir domen qeydiyyatdan keçirə bilər. Hüquqi şəxslər VÖEN və b. sənədlərini təqdim etməlidir.

Başqa beynəlxalq zonalardakı və ya xarici milli domenlər alarkən artıq qarşınıza böyük seçim çıxacaqdır. Bu qədər domen qeydiyyatçısının arasında düzgün seçim etməkdə çətinlik çəkirik.

Ən Çox Rastlanan Tələlər

1. “Transfer-out” ödəmələri

Domen qeydiyyatçısı şirkətinin “Xitmət şərtləri”ndə kiçik hərflərlə yazılan, yaxşı yerdə gizlədilmiş “transfer-out” xərcləri ola bilər. Əgər siz gələcəkdə domeni başqa qeydiyyatçı şirkətə köçürmək istəsəniz o zaman sizin kredit kartınızdan əlavə məbləğ silinəcək. Çox vaxt bu domenin əsil qeydiyyat dəyərinin 2-3 misli qədər olur.

Bu isə ICANN domen transferi (başqa registratora köçürmə) siyasətinin pozulmasıdır. Bir çox hallarda siz kredit kartını aldığınız bankı yığaraq ödənişin ləğv edilməsini istəyə bilərsiniz. Ancaq baş tutmuş belə halları görən registrarlar bu oyunu oynamağa davam edirlər.

2. Uzun-uzadı müqavilə şərtlərində kiçik hərflər

Çoxları (əslində isə heç kim) internetdən nə isə aldıqda uzun Xidmət Şərtlərini başdan sonadək oxumur. Domen qeydiyyatçısı şirkətləri özlərinə uyğun gördükləri şərtləri gözəçapmayan yerdə kiçik hərflərlə yazmış ola bilərlər. Bu adətən yuxarıda qeyd etdiyimiz kimi “transfer-out” xərcləri, ya da nə qədər inandırıcı səslənməsə də, “power-of-attorney” etibarnamə verilməsi olur.

3. Gedərək artan xərclər

1 ildən daha uzun müddət üçün ödəniş edilmiş domenlər Google kimi başqa axtarış sistemləri tərəfindən də yaxşı dəyərləndirilir. Ya da unutqanlıq halıyla ödəniş zamanını ötürə bilərsiniz. Buna görə də bir çoxları qabaqcadan bir neçə il üçün ödəniş etmək istəyə bilər. Hələ qeydiyyatçı şirktləri, misal üçün, qabaqcadan 5 illik xidmət haqqını ödəyənlərə endirim söz verirlərsə, niyə də yox!? Ancaq bilin ki, registrar sizdən 5 illik ödənişi tam alsa da, yalnız 1 il üçün ödəniş köçürə bilər.

Ondan sonra qalan hər 4 il üçün sizin domenin 1 illik ödəniş haqqını köçürəcək. Məqsəd isə sizi itirdikləri zaman geriyə qalan ödənişlərdən qazanmaq istəyidir. Hələ çox güman ki, pis çalışdığı üçün həmin hosting provayderini dəyişmək istədiyinizdə bu pulların geri qaytarılmayacağı da Xidmət Şərtlərinin sonunda kiçik hərflərlə göstərilmişdir.

Bunu yoxlamaq üçün siz EasyWhois kimi ödənişsiz “whois lookup” aləti ilə öz domeninizin nə qədər müddət üçün istifadə haqqının ödənildiyini öyrənə bilərsiniz. Əlbəttə ki, orada göstərilmiş domenin xidmət haqqının bitmə vaxtı sizin ödəniş etdiyiniz müddətlə eyni olmalıdır.

Whois Database Fırıldaqları

4. Whois düzəliş xərcləri və kilitləmələr

Hər dəfə siz yeni domen adı qeydiyyatdan keçirdikdə qeydiyyat məlumatları hər kəsə açıq olan Whois verilənlər bazasında (database) yayımlanmalıdır.

Registrar şirkətin görməli olduğu işlərdən biri də sizə bu whois məlumatlarını dəyişmə imkanı verməkdir. Ancaq bəziləri (əsasən də qiymətləri aşağı salan hiyləgərlər) domeni çox ucuz qiymətə sataraq, Whois məlumatlarını dəyişərkən administrasiya xidmətləri üçün əlavə ödənişlər tələb edir.

Başqaları isə hər dəfə kiçik dəyişikliklərdən sonra sizin domeni 60 günlük kilitləyə (lock) bilər. Bununla da başqa registrar şirkətə daşımaq istədiyinizdə 60 günün bitməsini gözləməli olacaqsınız.

5. Premium whois gizlilik xidmətləri

Bütün domenlərin qeydiyyat bilgiləri hər kəsə açıq olduğunu bilirik. Siz öz məlumatlarınızı gizlətməyə çalışdığınızda bəzi registrarlar sizə daha üstün, yəni premium xidmət satmağa çalışır. Onlar bu xidmətin adını “privacy services”, “whois masking”, ya da “private registration” qoyaraq gizli qeydiyyat əvəzinə whois verilənlərində öz məlumatlarını yazırlar.

Burada bilməli olduğumuz ən önəmli məsələ, registrarların gözündə (ICANN, ya da Kanadadakı CIRA kimi) qeydiyyatın gerçəkdən domenin kimin adına alınmasıdır. Çünki whois məlumatlarında kimin adı yazılmışdırsa, domenin qanunla əsl yiyəsi də odur. Yadınızda saxlayın ki, belə bir xidmətdən yararlanırsınızsa, domenin əsl sahibi siz deyilsiniz. Əlinizdəki müqaviləni, ya da Xidmət Şərtlərini araşdırmağa başlasanız əminəm ki, orada domeni sizin yerinizə onların sahibləndiyini oxuyacaqsınız.

Bir addım irəliyə baxsaq, bəzi qeydiyyatçı şirkətlər sizə belə “gizlilik” xidmətlərinə qol çəkdirdikdən sonra sizin whois məlumatlarınızın ödəniş qarşılığında 3-cü tərəfə satışını təklif edə bilər.

6. Whois və domen satışları bazarı

Bütün verilənlərin hər kəsə açıq olduğu üçün spammerlər və marketoloqlar başqalarının ünvanları, emailləri, faks və telefon nömrələri qarışıq bütün whois məlumatlarından öz məhsullarını yaradır. Bu böyük problem isə hələ də çözülmədən qalmaqdadır.

Bəzi insanlar anlamır: bu necə olur ki, onlar yeni domen adını qeydiyyatdan keçirdikdən az sonra emailin gələnlər qutusundakı tullantı qovluğunda məktubların sayı dəhşətli dərəcədə artmağa başlayır.

Əlbəttə ki, bunun səbəbi Whois məlumatlarımızın robotların köməyilə toplanaraq bir məhsul kimi başqalarına satılmasındadır. Bunun qarşısını almaq üçün ödənişsiz olan MyPrivacy.ca xidmətindən yararlana bilərik.

Başqa bir görülmüş halda isə whois verilənlər bazasının toplanaraq qeydiyyat vaxtının bitməsinə az qalmış yeniləmə üçün emaillərin göndərilməsidir. Heç nədən şübhələnməyən alıcılar domen üçün illik ödənişi etmək istəyərkən pul köçürməsini hiyləgərlərə göndərir, ya da guya ki, whois məlumatlarını yeniləyərkən domeni transfer etmiş (başqa qeydiyyatçıya köçürmüş) olur. Bunun sonucunda köhnə DNS xidməti ilə bağlantılar kəsildiyinə görə sayt və emailiniz işləmir.

7. Domen Bağlanmaları (Lock-in)

Lock-in bağlanması olan domeni hər zaman yoxlaya və işlədə bilərsiniz, ancaq heç vaxt başqa yerə apara bilməzsiniz.

8. Domen üçün auth-code

Bəzi Top-Level-Domains (TLDs) domenlər “EPP” adlandırılan protokolla çalışır və domen transferlərinə (köçürülmələrinə) qarşı daha ciddi qorunma – 8-rəqəmli auth-code işlədirlər. Misal üçün: .BIZ, .INFO və .ORG. İndiki, ya da artıq sizi alıcı kimi “itirən” registrar bu kodu özündə saxlayır və əgər siz domeni başqa qeydiyyatçı şirkətə köçürmək istəsəniz həmin kodu öyrənmək üçün sorğu göndərməlisiniz. Çox güman ki, onu sizə verəcəklər.

Trafik və Pul Qazanmaq Tələləri

9. Domen parking xidməti

Ola bilər ki, siz bunu bilmirsiz, ancaq “domen parking” çox böyük biznesdir. Yəqin ki, görmüsünüz, hərdən bir web ünvan yazdıqda, ya da keçid üzərinə tıklayaraq bir sayt açdığınızda əlavə bir neçə pəncərələr, axtarış etmək üçün motorlar açılır. Bu parking olunmuş domenlərdir və böyük oyunçular minlərlə domen park edə bilir, bundan milyonlarla dollarlar qazanır.

Bəs minlərlə domenə kimlər müdaxilə edə bilər?! Əlbəttə ki, domen qeydiyyatçıları. Onların bəziləri çox aşağı qiymətə domen qeydiyyatı təklif edir, sonradan park olunmuş domenlərdən çox böyük pullar qazanır. Bu sizi rahatsız etməyə bilər, ancaq elə insanlar da var ki, belə halda özlərinin axmaq yerinə qoyulduğunu düşünür: mən nə üçün pul verib domen almalıyam ki, sonra aldığım qeydiyyatçı şirkət mənim domenimdən daha çox pullar qazanır?!

Ancaq registrarlar arasında park edilmiş domenlərə görə sizə ödəniş edənləri də var. Qiymətlər isə aylıq 3,99 dollardan başlayır. Əgər park olunmağına dəyər domeniniz varsa, onu belə bir parking xidmətinə daşıyaraq əlavə pullar qazana bilərsiniz. Niyə də yox!?

10. “Pulsuz” URL Yönləndirmələri

Aranızda yenə elələri var ki, domen qiymətlərinin niyə bu qədər bir-birindən fərqləndiyini düşünür? Nə üçün biriləri illik 2 $ qarşılığında domen qeydiyyatı apardığı halda, başqa registratorlar 10 dəfə baha qiymətə sadəcə baza DNS və URL yönləndirməsi xidmətlərini təklif edir?

Çox ucuz qiymətlərin arxasında qeydiyyat qurumlarının kiçik tələləri yatır: onlar ya satdıqları domenə parking xidməti qoşacaq (yuxarıda yazdığımız kimi), ya da indi danışdığımız URL yönləndirmələriylə bizdən qazanmağa çalışırlar. Belə yönləndirmə xidmətləri tam ödənişsiz olsa da, eyni zamanda başqalarına satdığı sıçrayıb açılan reklam pəncərələrini (pop-up ads) bizim domendə yerləşdirirlər.

Bütün Bunlardan Gəldiyimiz Nəticə

Domeni Dürüst Registrarda Qeydiyyatdan Keçir

Yeni domen adı qeydiyyatdan keçirərkən elə bir registrator tapmağa çalışın ki, bütün bu oyunlardan uzaq olsun:

  • Heç vaxt hər hansı bir ödənişi gizlətməsin
  • Domen adını sifariş edib ödədiyiniz müddət üçün qeydiyyatdan keçirir
  • Whois məlumatlarınıza girişi, qeydiyyat kilitləmələri, auth code-ları və bütünlüklə domenin DNS quraşdırmaları, nameserverlər üzərində idarəetməni sizə verir
  • Pulsuz olaraq qeydiyyat emailinin gizlədilməsi xidmətini təqdim edir və heç vaxt sizin məlumatlarınızı 3-cü tərəfə satmır
  • Sizin domenlərinizdən pul qazanmağa çalışmır
  • Telefon zənglərinə və online suallarınıza vaxtında cavab verir
  • Sifariş etdiyinizdən daha artığını, əsasən də gərəksiz və istəmədiyiniz xidmətləri satmağa çalışmır
  • Domen satışı və DNS xidmətlərində 8 ildən artıq professional təcrübəsi var.