Kompyüterə Çox Baxmaq Gözlərin Görmə Bacarığını Azaldır

0
Kompyüterə Çox Baxmaq Gözlərin Görmə Bacarığını Azaldır
Kompyüterə Çox Baxmaq Gözlərin Görmə Bacarığını Azaldır

Son zamanlar göz xəstəliklərinin, görmə bacarığının azalması hallarının məhz gənclər arasında artması müşahidə olunur. Bunun başlıca səbəblərindən biri gənclərin kompyüter qarşısında çox vaxt keçirmələridir. Gözlərdə quruluq, yanma, qızarma və eyni zamanda baş ağrısı kimi simptomlar xəstəliyin əlamətlərindən sayılır.

İnsan gözü davamlı olaraq uzaq və yaxın məsafələrə baxmağa uyğun yaradılıb. Monitor qarşısında və eyni zamanda gündəlik həyatımızın ayrılmaz bir parçasına çevrilmiş mobil telefona baxan olan insanların gözləri tək bir nöqtəyə zillənir, beləliklə də gözlər yorulur. Gözlərin sağlamlığının qorunması üçün önəmli olan göz qırpma sayı kompyüter arxasında oturarkən, ya da mobil telefona baxarkən azalır. Normal halda insan dəqiqədə 25 dəfə gözünü qırpır. Ancaq monitordan istifadə edərkən göz qırpma sayı 10 dəfədən az olur. Bu da gözlərdə quruluğa, göz yorğunluğuna gətirib çıxarır.

Gözlərin Görmə Bacarığının Azalmaması Üçün Məsləhətlər

Kompyüterin gözə və görmə qabiliyyətinə bu kimi mənfi təsirinin qarşısını almaq üçün bir sıra tədbir üsullarından istifadə etmək məsləhət görülür. İlk növbədə, ekranın yeri və qoyulma forması gözləriniz üçün çox önəmlidir. Monitor gözlərimizdən 50-70 sm uzaq olmalıdır. Həmçinin, baxdığımız ekranın bizim gözümüzdən 10 sm aşağı səviyyədə olması məsləhətdir.

Mütləq göz üçün məşqlər edin: onu sağa, sola, yuxarı, aşağı aparın. Saatın əqrəbi istiqamətində və onun əksinə firladın. Çalışın mütəmadi olaraq uzaqda olan əşyalara baxasınız. Ekranın təmiz olması vacib şərtlərdən biridir.

Bütün bunlardan başqa, ekran qarşısında oturduğunuz hər saatın əvvəlində gözlərinizi bağlayaraq 10 dəqiqəlik fasilə verməlisiniz. Monitorun qarşısında isə tez-tez şüurlu şəkildə gözlərinizi qırpmalısınız. Qırpma, gözlərin quruluğunu aradan qaldıraraq rahatlamasına yardımçı olur.

Kompyüter qarşısında əyləşdiyiniz otağın havası çox quru olmamalıdır. Otaqda nəmləndirmənin normal olması sizin rahatlığınız üçün vacibdir. Eyni zamanda otağın havasını da tez-tez dəyişdirmək lazımdır.

Linza taxan insanların gözləri daha tez quruyur. Bunun qarşısını isə həkimin məsləhəti olarsa, göz damcıları ilə almaq olar.

Gününüzün çox hissəsini kompyüter qarşısında keçirirsinizsə, ildə bir dəfə həkim-oftalmoloqa müraciət etməyiniz məsləhətdir.