Əvvəlki bloq yazımızda “Startuplar nədir, startupın kiçik biznesdən fərqləri və kimlər startup başlada bilər!?” kimi sualların cavabını araşdırdıq. İndi də söz verdiyimiz kimi mövzunu davam etdiririk: Startup başlatmaq üçün nə lazımdır?!
Startup Layihəsinə Başlamaq üçün Nələr Lazımdır
Bu gün yeni startup layihəsinə başlamaqdan asan heç nə yoxdur. Bunun üçün haradasa 10 $ xərcləyərək bir domen alırsınız və misal üçün, illik 33 $-lıq standart bir hostinq xidmətinə qoşulmaqla sayt açırsınız. Sonra WordPress-in köməyilə saytın ilk səhifələrini yaradın (ödənişsiz). Budur, artıq sizin gələcək biznes saytınız hazırdır. İndi siz saytın içərisində yerləşdirdiyiniz contentdən asılı olaraq başgicəlləndirici uğur qazana bilərsiniz, ya da bütün bu xərcləri doğrultmayıb internetdəki adi saytlar sırasına birini də qatmış olarsınız. Bir çoxları belə də edir.
Başladılacaq Yeni Startuplar üçün Önəmli 5 Prinsip
Bəs nə üçün bəzi stratuplar böyük uğur qazandığı halda başqaları heç bir nəticə göstərə bilmir və uzun müddət gəlirsiz işlədiyindən bağlanmalı olur? Gəlin startup layihənin uğur qazanması üçün lazım olan 5 baza prinsip dediyimiz məsələləri nəzərdən keçirək. Düşünürük ki, bunlardan heç olmazsa biri sizin startupda çatışmırsa, o zaman planın doğru olub-olmadığını gözdən keçirməyə ciddi əsas var.
- Yaxşı Bir İdeya Olmalıdır
Startup üçün ideya yolun yarısıdır. İdeya varsa, artıq yeni startupa başlamaq olar. Ancaq bu hər bir ideyanın startupa çevriləcəyi anlamına gəlmir. Bilirsinizmi ki, başlanılan startupların neçə faizi uğurlu biznes layihəyə çevrilir? Dəqiq hesablamaq mümkün deyil, ancaq aydın məsələdir ki, hər kəs əvvəlcədən başladığı startupın ideyasına əmin olur. Sonda isə nəinki onların böyük əksəriyyəti xeyir gətirməyə başlamır, hətta yox olur.
- Gələcək Bir Neçə İl Üçün Maliyyə Dəstəyi
Yeni startup biznesinin nə zamandan başyaraq xeyir gətirəcəyini dəqiqliklə düşünmək çox çətindir. Gəlirlər fəaliyyət sahəsi kimi bir çox başqa prinsiplərdən asılı ola bilər. Ancaq bizim rastlaşdığımız uğurlu staruplar illər sonra gəlirlə çalışmağa başlamışdır. Startupa başlamazdan qabaq onun 2 il sonrakı durumunu düşünün: bu qədər zaman keçdikdən sonra əldə edilmiş nəticələr sizi qane edirmi?! Xərclərin çox kiçik olmasına aldanmayın. Bundan başqa itirdiyiniz aylar və illəri də hesablayın. Bu qədər xərcə hazırsınızmı?!
- Öncədən Düşünülmüş Marketinq və Satış Strategiyası
İnnovativ məhsul və ya xidmətin yaradılması çox gözəldir, ancaq onun satış kanalları yoxdursa, ya da düzgün qurulmazsa biznesiniz uğur qazana bilməyəcək. Alıcılar hər zaman ucuz və keyfiyyətli məhsul və xidmətləri deyil, güclü PR-ı, çatdırılma, ödəniş, zəmanət və müştəri məmnuniyyəti olan markalara həvəsli ola bilər. İlk müştərilərinizlə loyal alıcılar bazası qurun. Startupların çıxış planı da (Exit Plan) olmalıdır.
- Əzimkarlıq və Dözümlülük.
Sevdiyiniz işə, həm də öz biznesinizə başlamaq heç də hər şeyin ürəyinizcə olacağı demək deyildir. Qarşıda xoşlamadığınız işlərlə də məşğul olmalı olacaqsınız. Hətta onların bir çoxunun layihə və ideya ilə heç bir əlaqəsi olmaya da bilər. Özünüzü əqli və fiziki cəhətdən buna hazır görmürsünüzsə, onda ideyanın potensialını 100 % açacağınız şübhə altındadır.
- Layihənin İçində Olmalısınız
İdeya çox gözəl ola bilər, ola bilər ki, bu yenilik Dünya tarixini belə dəyişdirmək gücündə olsun. Ancaq sizin həyatınızın, gördüyünüz işlərin, təcrübənizin və gələcək planlarınızın bu ideya ilə heç bir əlaqəsi yoxdursa, onda bəlkə ideyanı satasınız?! Bunu düşünməyinə dəyər! Çünki özünüzü bütövlüklə layihənin içinə atmayacaqsınızsa çətin ki, ideya gerçəkləşsin.
Bir döyüşə hazırlaşdığınızı düşünün. Bu döyüşdə sizə lazım olacaq silahlar: İdeya, Kapital, Marketinq, Çalışqanlıq və Professionallığınız olacaq.