Netcraft saytının məlumatına görə, 2012-ci ildə bütün internetdə 580 milyondan çox sayt var idi ki, onlardan yalnız 175 milyonu hazırlanaraq online işlək durumda idi. Artıq websayt yaratmaqda kömək edəcək bir çox dizayn dilləri var ki, bu da aktiv saytların sayını olduqca artırmışdır. Lakin biz burada ən populyar dillərdən 2-sini müqayisə edəcəyik: HTML və Flash.
1. HTML Nədir?
HTML (HyperText Markup Language) hipertekstlərin yaradılması dilidir. 1991-ci ildə Web-in ilk yaradılış illərindən tanınmağa başlamışdır. Bu yeni İT dilinin qarşısına məqsəd tekstlərlə yazı, səs, şəkil və video faylları bir yerə toplayıb səhifə şəklində əks etdirmək qoyulmuşdur. Qısaca desək, HTML ilə internetdə web səhifələr yaradıla və onun içərisindəki məzmunda düzəlişlər etmək olur. Biz HTML dilində əmrlər yazırıq, səhifələrdə isə tekst, cədvəl, keçid, şəkil və b. əks olunur.
İnternetin ən birinci saytı olan info.cern.ch 1990-cı ildə Tim Berners-Li (Sir Timothy John «Tim» Berners-Lee) tərəfindən yaradılmışdır. O, saytı yeni texnologiya olan WWW-yə həsr etmişdi. Saytda HTTP verilənləri göndərmə protokolundan, URL ünvan sistemindən və HTML hipertekst dilindən danışırdı. 1991-ci ildə WWW standartı qəbul edildi və yeni saytlar yaradılmağa başladı.
Bu dilin ən son versiyası olan HTML5-də video və animasiyaların birbaşa sayta inteqrasiya olunması asanlaşdırıldı. Öncəki versiyalarda bunu etmək olmurdu.
HTML-dən İstifadə Edərək Sayt Yaratmağın Üstünlükləri
✔ HTML bütün formatdakı ekranlara uyğundur – Bu o deməkdir ki, HTML ilə qurulmuş saytlar bütün platforma və kompyuter, netbok, smartfon, planşet, mobil telefon, iPhone kimi bütün qurğulardan doğru-düzgün açıla bilər.
✔ HTML axtarış sistemlərində optimizasiyaya (SEO) yardım edir – Daha öncəki yazıda SEO-nun əsaslarından danışarkən dediyimiz kimi, HTML kodların köməyilə Google kimi axtarış sistemlərinə saytın və ayrı-ayrılıqda onun səhifələrinin hər birinin başlığını (title), açıqlamasını (description) və açarsözlərini (keywords) bildirmək olar.
✔ HTML ilə saytlar bələdçiyə heç bir əlavə proqramın yüklənməsinə ehtiyac olmadan sürətli açılır.
HTML-in öncəki versiyalarında səhifələrdə animasiyaların (əsasən də videoların) işləməsində böyük sərhədlər var idi. Ancaq HTML-in 5-ci versiyası ilə bu çətinlik aradan qaldırıldı. Beləliklə, HTML-dəki çatışmamazlıqlar minimuma endirildi.
Bu texnologiya ilə hazırlanmış saytlara örnək olaraq hazırda olduğunuz və oxumağa davam etdiyiniz WEB.Com.Az saytını göstərə bilərik. Bizim GIRDMAN Dizayn Studiyasının düzəltdiyi websaytların da demək olar ki, hamısı HTML kodları ilə yığılmışdır.
2. Flash Nədir?
Flash kodlaşdırılmış web dilinin yardımı ilə saytlarda animasiya və videoların göstərilməsini sağlamaq olar. Flash faylların uzantısı .swf olur və oxunmasının mümkün olması üçün bələdçiyə Flash plugin yüklənməlidir.
Flash-də Yığılaraq Hazırlanmış Websaytların Üstünlükləri
✔ Flash formatında olan animasiya və videoların saytlara yüklənməsi işi çox asanlaşdırır.
✔ Animasiyalı content görüntü baxımından saytı daha gözəl və interaktiv edir. Flash-lə qurulmuş saytlarda gəzintini daha sürətli və çevik etməklə birlikdə saytın dizaynını daha baxımlı və cəlbedici yaratmaq olar.
Flash Saytların Çatışmamazlıqları
✔ Flash saytların axtarış sistemlərində optimizasiyası (SEO) çətindir – Bu saytların yalnız baş səhifəsi axtarış sistemlərində tapıla bilər. İçəri səhifələrin tapılması üçün yeni flash faylların yaradılması lazımdır ki, bu da saytda gəzintini olduqca yavaşladar. Flash saytlarını yalnız Google botları oxuya bilir. Yenə də heç bir zənanət yoxdur ki, Google sizin saytınızı tamamilə oxuya biləcək. Bütün axtarış sistemləri tekst fayllarını və multimedia fayllarının yazılı açıqlamalarını oxumaq üzərində qurulmuşdur. Flash saytlarda isə SEO elementləri olan səhifələ Meta Data-ları, alt başlıqlar, şəkil və videoların açıqlamaların oxunması mümkün deyil.
Opera bələdçisinin Yaradıcı Mərkəzinin hesabatına görə bütün internet saytların hardasa 30-40%-inin axtarış sistemlərində indeksləşməyən (tapılmayan) ya da qismən indeksləşən flash faylları var.
✔ Flash ilə qurulmuş saytlar hər qurğuda açılmaya bilər – Bu proqramlaşdırma dili ilə yaradılmış saytların bütün web qurğularda açılmasını sağlamaq olduqca çətindir. Bu gün planşet, smartfon kimi mobil cihazlar flash saytları açmır, ya da tam düzgün açmır.
✔ Bu kodların oxunması üçün Flash Player yüklənməlidir – Kompyuterimizdə Flashdə hazırlanmış saytların açılması üçün Flash Player proqramı yüklənmiş olmalıdır.
Belə qurulmuş saytlara misal olaraq müğənni Manananın saytını göstərək: www.manana.ws Azərbaycanın demək bütün müğənnilərinin saytları belə hazırlanır. Ancaq bu gün misal olaraq göstərmək istədiyimizdə onların çoxunun heç ümumiyyətlə işləmədiyini gördük.
Ümumiyyətlə flash saytlar daha çox fərqliliyi göstərmək, başqa cür görsənmək və seçilmək (beləcə yadda qalmaq) məqsədilə yaradılır, misal üçün Sensi Soft yaradıcı dizaynerlərin saytı kimi.
Flash yoxsa, HTML?
Beləliklə, ortaya sual çıxır: Sayt qurarkən hansı proqramlaşdırma dilindən istifadə olunması daha məqsədəuyğundur, Flash yoxsa, HTML? Siz də öz fikrinizi bu bloqun sonunda rəylər bölümündə yazmağı unutmayın.
Biz isə öz növbəmizdə sayt düzəltmək üçün HTML-i məsləhət görürük. Bu dilin son versiyası olan HTML5 vasitəsilə saytda asanlıqla video faylları işlətmək olar. Buna görə də hər gün daha çox webmaster öz seçimini HTML-ə doğru etmişdir. Nəzərə alsaq ki, internetə giriş üçün planşet, smartfon və başqa qurğu istifadəçilərinin də sayı artmaqdadır, onda bu seçimin doğru olduğuna əmin olarıq. Ən azından saytın ön və naviqasiya hissələri bu formatda olmalıdır. Hər iki dilin köməyi ilə yaradılmış saytlar da ola bilər.
Hər iki dildən istifadə edərək qurulmuş saytlara misal olar Youtube video paylaşım saytını göstərə bilərik. Youtube keçmişdə PayPal-da birlikdə çalışmış Chad Hurley, Steve Chen və Jawed Karim tərəfindən 2005-ci ildə yaradıldı. Sayt istifadəçiləri asanıqla sayta videolar yükləyə, baxa və paylaşa bilərlər. Belə ki, sayt Abobe Flash Video fayllarını hər istifadəçiyə uyğun generasiya etmək və korporativ media content göstərmək üçün HTML5 texnologiyasından yararlanmışdır. 2006-cı ilin noyabrında Google şirkəti Youtube saytını almışdır.
Profesionalın əlindən çıxan flash-saytlar başqadır. Flash saytlar daha gözəldir. Həm də flash saytların da SEO işləri aparmaq olur.
fərqi nədir ki, saytı hansı proqramla yığıblar, əsas odur ki, düzgün və qəşəng sayt düzəldilsin