İnternetdə necə pul qazanmaq olar mövzusunu davam etdiririk. Bu dəfə YouTube kanalından necə qazanc əldə edəcəyimizi araşdıracağıq. Əslində isə araşdırma üçün qaranlıq heç nə yoxdur: maraqlı və çox izlənilən videoların varsa, öz kanalında reklam yerləşdir, pul qazanmağa başla.
2017-ci ilin mart ayında YouTube kanallarından pul qazanmaq imkanlarının azalmasına baxmayaraq, bu biznes növü hələ də genişlənməyə davam edir. Martda nə baş vermişdi? 250 tanınmış dünya brendi reklamlarının xoşagəlməz videoların yanında göstərildiyi üçün YouTube reklamlarını baykot etməyə başladı. Onların arasında Marks & Spencer, Böyük Britaniya hökuməti, BBC, HSBC və Lloyds bankları, AT&T, Verizon, Johnson & Johnson, onların ardınca da Pepsi, Walmart, Starbucks, FX, General Motors, Dish, JP Morgan və LYFT da vardı.
Səbəb isə YouTube alqoritmlərinin seporatçılıq, irqi və cinsi ayrıseçkilik, dini təbliğat kimi videoların yanında onların reklamının getməməsini tam təmin edə bilməməsi idi. İndi YouTube reklamçıların itirilməməsi üçün çıxış yolu axtarmaqda olarkən, Facebook və başqa video paylaşma platformaları da güclənməyə çalışır. Yenə də bu sahədə 100 %-lik lider dəyişməz olaraq qalmaqdadır, çünki:
- YouTube-da gündəlik 1 milyon insan yeni video kanala abunə olur;
- Hər ay 4 milyard saatlıq videoya baxılır (burdan 68 %-i mobil qurğulardan baxılır);
- YouTube-a hər dəqiqə 100+ saatlıq video yüklənir;
- YouTube 53 ölkə və 61 dil üçün lokallaşdırılıb;
- YouTube.com saytına hər ay 800 milyon unikal ziyarətçi giriş edir;
- Bu il YouTube video kanal sahiblərinə toplam 7 milyard ABŞ dolları pul (reklamdan qazanc) köçürəcək.
Yuxarıdakı statistika YouTube-un Google-a məxsus olması faktı ilə birlikdə bu platformaya inamı daha da artırır.
YouTube Kanalından Necə Pul Qazanmaq Olar
YouTube kanalından başlıca olaraq aşağıdakı 2 yolla pul qazanmaq olar:
- Google reklamları ilə (video başlamazdan öncə, videonun ortasında, axtarış nəticəsində və sağ sütunun lap yuxarısında yerləşən reklam banneri);
- Reklamverənlə anlaşaraq birbaşa videoda reklam yerləşdirməklə.
Videoları üçün toplam 10 000 baxış sayı yığmış və Google-un ortaqlıq proqramına qoşulmuş kanallar 1-ci yolu seçə bilərlər. İkinci yol isə demək olar ki, bütün kanallar üçün əlçatandır. Ancaq tanınmamış kanal çətin ki, birbaşa reklam sifarişi ala bilsin.
YouTube Kanalına Baxış Sayını Necə Artıraq
YouTube kanalımızın abunəçilərini və videolara baxış sayını necə artıra bilərik? Bunu hələ kanalın özünü açmazdan qabaq düşünsək daha yaxşı olar: hansı videolar daha çox izlənilir və hansı kanallar məşhur ola bilir? İstənilən temada videolar yayımlamaqla kanalı məşhur edə bilmərikmi?
Videolar Hansı Temada Olsa Yaxşıdır
Kanalın temasını düşünmək üçün vaxt ayırmağa və araşdırmağa dəyər. İnsanlar internetdə, bizim halda YouTube saytına başlıca olaraq 3 məqsədlə baş vurur:
- Yeniliklərdən xəbərdar olmaq/öyrənmək üçün;
- Nəysə öyrənmək, özünü gücləndirmək/qazanmaq (pul da ola bilər) üçün;
- Əylənmək, vaxt keçirmək/nəysə qazanmaq (gözəl anlar, ya da tanışlar da ola bilər) üçün.
Deməli yaxşı olar ki, bunlardan birinə uyğun video kanalı açsaq daha çox izləyici toplaya bilərik. Daha yaxşı olar ki, 2 və ya 3 məqsədin kəsişdiyi nöqtəni tapa bilək.
Misal üçün, kulinariya temasında bloqlar (və eyni zamanda video bloqlar) nədənsə həmişə daha çox izləyici toplaya bilir. Bəlkə, hər kəsin marağında olduğu üçün?! Axı hər kəs gündə 3 dəfə dadlı yeməklər yeməlidir. Yoxsa kulinariyanın yuxarıda haqqında danışdığımız 3 marağın 3-nə də uyğun gəldiyi üçün? Yemək bişirmək bəzən əyləncəlidir, bəzən isə yeni yeməklər öyrənib nələrsə qazana bilərik.
Başqa bir tanınmış tema olaraq idmanı göstərmək olar: həm əyləncəli, həm öyrənirsən, həm də güclənmək üçün ən önəmli məşğuliyyətdir. Bəziləri isə bundan pul qazanır.
Əlbəttə ki, video bloqlarda əyləncə (oyun, musiqi və gülüş) ən yuxarı yerləri tutur.
Onu da əlavə etmək istərdim ki, bəzən əyləncənin dili olmur. Beləliklə, biz xarici auditoriyanın marağını qazana bilərik. Çünki yalnız yerli izləyicilərlə kanalın tanıdılması üçün həddindən çox çalışmaq lazım olacaq.
Bunun üçün özünüzün ustası olduğunuz sahənin seçməyimiz də çox önəmlidir. Axı nə göstərdiyini/danışdığını anlamayan birini heç kim izləmək istəməz.
YouTube Kanalını Necə Məşhur Etmək Olar
Uğur qazanacağınız bir temanı seçdikdən sonra YouTube kanalına ad seçməlisiniz. Ad həm qısa, həm yaddaqalan, həm də maraq oyadan olmalıdır. Uzun sözün qısası, YouTube kanalınızın adı sizin brendiniz kimi olmalıdır. Gözəl bir loqo seçdikdən və kanalın xarici görüntüsünü səliqəyə saldıqdan sonra qalır yeni videolar çəkib paylaşmaq.
YouTube-da önəmli məsələlərdən biri də periodiklikdir. Kanalın temasından və sizin imkanlarınızdan asılı olaraq ayda iki/həftədə bir dəfə, ya da həftədə 3 dəfə/günlük videolar yayımlaya bilərsiniz. Sadəcə bu iş periodik olmalıdır. Vaxtaşırı videolar paylaşmayacaq kanal başlamadan uğursuzluğa razılaşmış kimidir.
Videolarınız var, çəkib yayımlamağa davam edirsiniz. Sonra onları sosial mediada paylaşırsınız. İnanıram ki, gec-tez öz auditoriyanızı toplaya biləcəksiniz.
Yalnız bu işi tək görmürlər. Məşhur YouTube kanalı dünyanın ən tanınmış TV şouları kimidir.
YouTube Kanalını Axtarış Sistemlərinə Optimallaşdırın
Yeni-yeni izləyicilər toplamaq, hətta bir dəfə qonaq olmuş izləyiciləri kanalda tutub saxlaya bilmək, onları abunəçilərə çevirmək üçün çox çalışmaq gərəkdir. YouTube kanalına brend görüntüsü vermək, düzgün metadataları işlətmək, sıralamalar (playlists) yaratmaq videoların çəkilişi və mantajı qədər zamanınızı alacaq işlərdir. Buna görə də YouTube kanalınızı axtarış sistemlərinə optimallaşdırmaqda çətinlik çəksəniz bizim WEB Dizayn Studiyanın komanda üzvlərindən birinə adminlik verə bilərsiniz. Professional heyətimiz sizə yardım etməyə hər zaman hazırdır.