E-Ticarət Websaytı Yaratmaq Üçün Nələr Lazımdır

0
E-Ticarət Websaytı Yaratmaq Üçün Nələr Lazımdır

E-Ticarət Websaytı Yaratmaq Üçün Nələr Lazımdır

İnternet marketinqin, online satışın başında websayt durur. Sosial media, mobil uyğulamalar və başqa platformalar isə yalnız e-ticarət saytları dəstəkləyən alətlər kimi reklamın, xidmətin, satışın və əhatə dairəsinin genişləndirilməsinə xidmət edə bilər.

Websayt nədir? sualını araşdırdıqdan sonra Saytlar Necə YaradılırSayt Qurmağın Yolları ilə tanış olduq. Əlbəttə ki, bütün bunları bilərək düşündüyünüz saytı yaratmağa başlaya bilərsiniz. Bu zaman da yeni suallar yaranır: saytda nə yazaq, nə qədər yazaq, bu və ya başqa başlıqlar olsunmu? Əgər saytı elektron ticarətlə məşğul olmaq və birbaşa saytınızdan gəlir əldə etməyi düşünürsünüzsə, bu zaman sualların sayı daha da çoxalacaqdır. Bu suallara cavab tapmaq üçün e-ticarət saytlarının baza prinsiplərini gözdən keçirək.

E-Ticarət Saytların Yaradılmasında 7C Dizayn Prinsipləri

Hələ 2000-ci ildə C.Rayport və B.Yarovski “E-Ticarət” adlı kitablarında 7C adlandırdıqları dizayn elementlərindən yazmışdılar. Belə ki, onlar e-ticarət saytları üçün önəmli olan 7 dizayn elementinin hər birinə C hərfi ilə başlayan ad qoymuşdular: Context, Content, Community, Customization, Communication, Connection və Commerce.

  1. Context (Məzmun) – Saytın düzülüşü və dizaynı: Ziyarətçilər sayta ilk görünüşünə və istifadə etmək üçün asanlığına görə qiymət verirlər. İstifadənin asanlığına başlıca olaraq 3 prinsip təsir göstərir: yüklənmə sürəti, baş səhfənin anlaşılması və başqa səhifələrə keçidlərin düzgün sıralanması. Görünüş olaraq da növbəti 3 prinsipi saymaq olar: şrift və yazılış üslubunun aydın oxunması, lazımsız informasiyanın olmaması və rənglərin uyğunluq təşkil etməsi.
  2. Content (Tərkib) – Saytdakı tekst, şəkillər, səs və videolar birlikdə tərkib hissəni edir. Yalnız düzgün yazılmış tekstlər ziyarətçiləri sayta gətirə bilər. Endirimli və ya pulsuz təkliflər, yeniləşən xəbərlər, yarışmalar, hədiyyələr, yumor, zarafat və müxtəlif oyunlar artıq saytı ziyarət etmiş alıcıları saytda tutar.
  3. Community (İctimailik) – İstifadəçilərin bir-biri ilə bağlantı qurma yolları sayta olan maraq və inamın artmasına gətirib çıxarar. Ən azından başqalarının rəyini oxuyub cavablaya bilmək istifadəçilərdə həmin sayta maraq yaradacaqdır.
  4. Customization (Özəlləşdirilmə) – Saytların bir toplumun tələblərinə uyğunlaşdırılması, ya da hər hansı bir istifadəçiyə saytda öz istəklərinə uyğun olaraq dəyişiklik edəbilmə imkanının verilməsi)
  5. Communication (Kommunikasiya) – Saytın “sayt-istifadəçi”, “istifa­dəçi-sayt”, ya da ikitərəfli bağlantılar qurma imkanının olması çox önəmlidir. İndi rəylər bölümü olmayan saytlara rast gəlmək olduqca çətin məsələdir, çünki bu yolla istifadəçilər saytda nəyi bəyən­dik­lərini, nəyi isə bəyənmədiklərini daha asan şəkildə bildirə və saytın yaxş­ı­laşdırılması üzrə öz təkliflərini irəli sürə bilərlər.
  6. Connection (Bağlantılar) – Saytların başqa saytlarla bağlantılarının qurulmasını bu prinsipə aid etmişlər. 7C yazılışının düzgün alınması üçün belə adlandırılsa da əslində bu prinsip backlinks adlandırılır.
  7. Commerce (Ticarət) – Sayt üzərindən kommersiya müqavilələrinin bağlanması tərəflərdə qaranlıq heç nə qalmamaq şərtilə olduqca asan şəkildə aparılmalıdır.

Bütün bunlar nəinki e-ticarət saytlarında, eyni zamanda başqa saytlarda da (bir neçə kiçik sayt tipləri istisna olmaq şərtilə) ən önəmli prinsiplərdir. Bu dizayn elementlərindən hər hansı birinin olmaması e-ticarət saytlarının işləməsində ciddi əngəllər yarada bilər.