Yeni Biznes: Adi Mağaza Yoxsa, Online Market?

0
Yeni Biznes: Adi Mağaza Yoxsa, Online Market?

Elektron Ticarət saytına Online Shop, İnternet Market və ya Elektron Mağaza deyə bilərik

Yeni biznesə başlamağı düşünürsünüzsə bu bloq yazımız fikirlərinizi cəmləməkdə köməkçiniz ola bilər. Axı dükan açmaq o qədər də asan iş deyil. Obyekt icarəyə götürməlisiniz, təmir etməlisiniz, VÖEN almalısınız, nəzarət kassasını qeydiyyatdan keçirməlisiniz, vitrin sifariş verməli, dükanı mallarla doldur və satıcı tap. Bütün bunlar və başqa saymadıqlarımız adi mağaza açmaq üçün görüləcək işlərdir. Çox çətin və Azərbaycan üçün bir az da maraqsız görsənir. Axı indi hamı hər yerdə mağaza açır və rəqabət də çox böyükdür.

Eşitməmiş olmazsınız ki, artıq inişaf etmiş ölkələrdə ticarətin böyük bir qismi internet üzərindən aparılır. Təsəvvür edirsiz, bir sayt açırsız və yuxarıda saydıqlarımız olmadan (obyekt, vitrinlər, satıcı, anbar, kommunal xərclər və başqa) çalışmağa başlayırsınız. Buna görə də Azərbaycanda yeni dəb – Online Market adlanan saytların qurulmasına başlanıb.

Doğurdan da bir çox ölkələrdə artıq brend dükan kimi tanınmış online marketlərin olmasına baxmayaraq Azərbaycanda belə bir güclü sayt yoxdur. Olsa-olsa, Tap.az, AlSat.az, h2h.az kimi ikinci əl malların alqı-satqısı elanlarının yerləşdirildiyi online xidmət saytlarıdır. Halbuki, Azərbaycanda internet azaddır və elektron mağaza saytlarının yaradılması üçün heç bir qanuni prosedura gərək yoxdur. Sadəcə bir domen alırsan və hostinq xidmətinə qoşularaq saytı qurmağa başlayırsan. Azərbaycan Respublikası vergi qanunvericiliyində onlayn ticarətlə bağlı hər hansı qayda olmadığına görə hər şey sizin planlarınızdan asılıdır. Ancaq ümumilikdə, unutmamalıyıq ki, çalışdığı sahədən aslı olmayaraq, gəlir əldə edən hər kəs dövlət büdcəsinə vergi ödəməlidir. Beləliklə, məncə vergi ödəyicisi kimi qeydiyyatdan keçməyiniz daha yaxşı olardı.

E-Ticarət Saytının Qurulmasına Başlayaq

Kim deyir ki, elektron ticarət (e-ticarət) qurmaq asandır? Hər bir iş kimi burda da çətinliklər var. Online market saytlarının da ünvanı, təmiri, vitrinləri, satıcısı, anbarı və başqa işçiləri var, sadəcə bütün bunlar virtualdır. Yəni bütün bunları beyin gücünə quracağınıza görə çəkiləcək xərclər də qat-qat aşağı olacaq. Başlayaq.

Online Market Üçün Domen Adı Seç və Qeydiyyatdan Keçir

Hər şeydən öncə mağazanın ünvanı olmalıdır. İnternetdə ünvan domen adlarıdır. Bizim WEB dizayn studiyamızın ünvanı: web.com.az olduğu kimi. Bu çox önəmli məsələdir, çünki şəhərin mərkəzində – gediş-gəlişin çox olduğu yerdə alver də yaxşı olacaq. Web ünvanların daha çox trafik toplaması üçün domen adlarına bir neçə şərt var:

  • Domen adı qısa olmalıdır (5 və ya 7 hərfdən çox olmaması yaxşıdır);
  • Domen adlarında defis arzuedilməzdir (çıxış yolu olmadıqda bir defis ola bilər);
  • Domenlərin yaddaqalan olması önəmlidir;
  • Domenin yerli zonada olması (Azərbaycan üçün .Az) Google axtarışları üçün üstünlükdür;
  • Domendə açarsözlərin işlədilməsi SEO üçün yaxşıdır. Misal üçün, https://shop.az/, https://unvan.az/ və https://ucuztap.az/ – artıq Azərbaycanda “shop”, “ünvan” və “ucuz tap” axtaranlar bu saytları ilk sıralarda görəcəklər.

Bu eyni zamanda yeni biznesinizin adı olacaq, oxu: Uğurlu domen adı seçməyin yolları

Domen adı almağa haradasa 10 $ (.Com zonasında) və ya 40 AZN (.Az zonasında) xərciniz çıxacaq.

Online Marketin Domenini Web Hostinq Xidmətinə Qoş

Bu isə marketin tikildiyi yerdir: dükanın divarları, sütunu və damı deyək. Yer isə nə qədər böyük olarsa o qədər yaxşıdır ki, daha çox mal yerləşdirmək olsun. Gediş-gəlişin də rahat olması, qarşısında tıxacların yaranmaması və b. işlər hostinq xidmətinin texniki məsələləridir. Web hostinq xidmətinin seçilməsində düşünməli olduğunuz texniki göstəricilərdən əvvəlki bloq yazılarımızda yazmışıq.

Online marketin hostinq xidmətinin adi market yerindən fərqi ondadır ki, domen adı hostinqdən (yəni ünvan yerdən) asılı deyil və ünvanı dəyişmədən yeri dəyişə bilərsiniz. Burada da öncədən doğru provayderin seçilməsi önəmlidir ki, sonradan yerin qəyişdirilməsi ilə vitrin və malların daşınmasına məcbur qalmayasınız. Hostinq xidməti təklif edən şirkətinizi düzgün seçin, sonradan yer və trafikin artırılması isə problem deyil.

Standart bir hostinq paketinə qoşulmaq üçün illik 33 $ xərciniz olacaq.

Online Shopun Proqramlaşdırılması: Bir CMS Quraşdır

Ünvan (domen) və yer (hostinq xidməti) aldıqdan sonra qalır mağazanı təmir edib vitrinləri quraşdırmaq. Online market üçün bu işlərin öhdəsindən CMS (Client Management System) deyilən sistemlərin köməyilə gəlmək olar. Həm də 3 dəqiqənin içində çox asanlıqla: indi bir çox hostinq xidmətləri 1-tıklamaya istədiyiniz uyğulamanı quraşdırma xidmətini ödənişsiz olaraq təklif edir.

Elektron ticarət saytlarının qurulmasında ən tanınmış CMS-lərdən (uyğulama, ya da proqram da deyə bilərik) PrestaShopOpenCart Azərbaycanda da geniş yayılmışdır. Sayt yaradanlar arasında məşhur olan WordPress isə WooCommece qoşmasının köməyilə internet mağaza yaratmağa imkan verir.

Bura qədər saydıqlarımızı etdikdən sonra sizin online market saytınız hazırdır və satışlara başlamaq olar. Həm də web dizayn və başqa kompyuter proqramlarında işləməyi bacarmadan saytın qurulmasına heç bir manat da xərcləmədən.

İnternet Mağazanın Dizaynının Qurulması

İnternet mağaza – online shop hazır olduqdan sonra qalır onu satış məhsulları ilə doldurmaq, vitrinləri bəzəmək və satışa başlamaq. Saytın qurulması hissəsinə baxsaq bu iş doğurdan da çox asan və maraqlı görsənir. Bura qədər olan işləri hər kəs edə bilər. Bundan sonraya qalır internetdə məhsul almaq istəyən və heç alış-veriş etməyi düşünməyən insanları marketinizə gətirmək, onlarda təkliflərinizə qarşı maraq oyatmaq və satmaq. Bunu etmək isə doğurdan da çətin məsələdir. Siz bir neçə sadə kompyuter proqramları ilə birlikdə marketinq, web dizayn, SEO, SEM, SMM biliklərinə də sahib olmalısınız. Bunların nə olduğunu bilmədən çətin ki, 1-2 nəfər qohum-tanışdan başqa kiməsə məhsul sata biləsiniz.

Əgər web dizayn, SEOSMM haqqında bildikləriniz çox azdırsa burada da çox asan çıxış yolu var: elə online marketi qurmaq üçün pulsuz sistemlər olan PrestaShop, OpenCart, WordPress də lap əvvəldən bunu gözləyirdi. Siz saytın dizaynı üçün hazır temalar (theme və ya template də deyilir), əlavə funksiyalar artırmaq üçün qoşmalar (plugin, ya da application) arasından ən yaxşılarını yalnız ödəniş edərək tam funksionallığı ilə işlədə bilərsiniz. Dizayn məsələsində o qədər də prinsipial deyilsinizsə pulsuz temalar arasından uyğun olan birini seçmək olar.

Sona qaldı lap əvvəldən düşünməli olduğumuz məsələ: online market saytında satışların artırılması üçün hansı işləri necə etmək lazımdır!? Marketinq, ondan da önəmli olan digital marketinq haqqında kifayət qədər bilikləriniz yoxdur, ya da var, onu daha da artırmağı düşünmürsünüzsə heç bu işə başlamasanız yaxşı olar.

Biz isə düşünürük – qarşıda sizi internet saytlarda satışı artırmaq üçün görüləcək işlərin böyük siyahısı gözləyir.