Tag Nədir? Keywords və Tags Arasında Nə Fərq Var

0
Tag Nədir? Keywords və Tags Arasında Nə Fərq Var

Tag Nədir? Keywords və Tags Arasında Nə Fərq Var

Axtarış sistemlərinin və bununla da internet istifadəçilərinin saytımızı tapmasını istəyiriksə işimizə SEO yarayacaqdır. Sayta trafik toplamağın ən asan çıxış yolu da budur. Burada ən önəmli olan açar sözləri (keywords) və nişanlardan (tags) necə istifadə etməyimizdir. Keywords və Tags arasında fərq varmı və əgər varsa, fərq nədədir?

Tag Nədir?

Biz (WordPress-in Azərbaycan dili versiyası da) tag sözünü İngiliscədən nişan kimi tərcümə etdik. Ola bilər ki, bu yeni anlayışı hansısa kitabda və ya saytlarda yarlıq, işarə, bulud kimi çevirsinlər (heç ümumiyyətlə, tərcümə etməmək də olar).

Bloqumuzdakı bir sıra yazıları hansısa bölmə (kateqoriya) altında birləşdirmək üçün onların hər birini uyğun söz/söz birləşməsi ilə (tagla) nişanlayırıq.

Misal üçün, biz “Axtarış Sistemlərinə Optimallaşdırma” haqqında bloq yazılarımızı uyğun tagla nişanladıq. Sizin də taglarınız istənilən sayda və istənilən sözlər ola bilər.

Misal üçün, biz bloqumuzda sayt açmağın yolları haqqında yazdığımız üçün “Pulsuz Sayt Açmaq”, “Ucuz Sayt Qurmağın Yolları”, ya da “Ödənişsiz Sayt Yaratmaq” kimi taglar yarada bilərik. Beləliklə, saytda tagların nə sayına limit və nə də başqa məhdudiyyətlər yoxdur. Ancaq çalışmaq lazımdır ki, taglar həm istifadəçilərin, həm də sizin özünüzün saytda naviqasiya etməyinizi asanlaşdırsın.

Taglar seçərkən aşağıdakıları diqqətə almağınız məsləhət görülür:

  • Öz sahənizə uyğun taglar seçməyə çalışın ki, sonrakı yazılarda da istifadə edəsiniz. Belə olarsa açılmış tag səhifələri boş qalmaz.
  • Eyni anlamlı bir neçə taglar yaratmamağa çalışın. Misal üçün, yuxarıda dediyimiz “Pulsuz Sayt Açmaq”, “Ucuz Sayt Qurmağın Yolları” və “Ödənişsiz Sayt Yaratmaq” tagları tamamilə eyni mənadadır.

Açar Sözləri (Keywords) Nədir?

Keywords ingilis dilindən açarsözləri kimi tərcümə edilir. Bu söz və söz birləşmələrinin köməyilə axtarış sistemləri saytın mövzusunu anlamağa çalışır.

Axtarış saytları bu informasiya ilə (eyni zamanda 10-a yaxın başqa alqoritmlərin köməyilə topladığı başqa məlumatlarla) saytı uyğun axtarışa görə dəyərləndirir. Burada işimizə Search Engine Optimization (SEO) yarayacaq. Web səhifəni açarsözlərinə görə optimizasiya edərək həmin axtarışlarda daha yüksək nəticələr əldə etmək olar.

Belə olarsa, həmin açarsözlərini axtaranlar sizin web səhifəni asanlıqla tapacaq. Daha çox və düzgün şəkildə aparılmış SEO işlərindən sonra ən birinci sizin sayt tapıla bilər. Əlbəttə, bu axtarış motorlarının saytı dəyərləndirməsi üçün tək göstərici və yeganə yol deyil. Ancaq keywords səhifənin mövzusu haqqında başlanğıc məlumatları axtarış saytlarına göndərməklə sonrakı analizlərə yol açmış olur.

Keywords Araşdırması Nə Üçün Önəmlidir?!

Taglardan fərqli olaraq keywords əmrinə uyğun açarsözlərini özümüz istədiyimiz kimi seçə bilmərik. Hansı sözləri axtardıqda saytın tapılmasını istəyiriksə, açarsözlərinin onlara uyğun olması önəmlidir. Misal üçün, bizim saytımız saytların yaradılması haqqında olduğu üçün başlıca açarsözlərimiz “veb, internet, dizayn, dizayner, html, domen, hostinq” kimi sözlərdir.

Ancaq bu sözləri axtaranların sayı çox az olduğundan istədiyimiz nəticəni əldə edə bilmərik. Çünki Azərbaycanda demək olar ki, sayt yaratmaq istəyən hər kəs – fərqi yoxdur sifariş vermək istəyir, yoxsa özü quracaq, heç domen adı, hostinq və dizayner araşdırması aparmır, birbaşa “sayt açmaq” haqqında araşdırmalara başlayır.

Sayt yaratmaq işinin yarı hissəsi də PHP proqramlaşdırma dilidir. Ancaq bizim saytımızda PHP haqqında bloq yazısı olmadığına görə keywords əmrinə bu sözü yazsaq belə, çətin ki, axtarışda bizim səhifə tapılsın.

Buna görə də öncədən ən çox axtarılan keywords siyahısı tutun və bu sözlərdən yararlanaraq bloq yazıları yazmağa başlayın.

Nəyə Görə Taglarda Açar Sözlərinə Üstünlük Verək?

Baxmayaraq ki, tagları özümüz istədiyimiz kimi seçə bilərik, açarsözlərindən yaradılmış yarlıqlar daha yaxşı olar. Çünki ən çox axtarılan sözlər də açarsözləridir. Ziyarətçiləriniz sayta bu söz və sözbirləşmələri üçün gəlmişlər.

Misal üçün, bizim saytımıza “SEO nədir?” sualına cavab axtaranlar gəlir və onlar “SEO üçün” daha çox öyrənməyə çalışırlar.

Axtarışda ən çox işlədilən açarsözlərini tags kimi yarlıqlasanız siz həm saytınızı axtarış sistemləri üçün optimallaşdırmış, həm də saytı bölmələrə ayıraraq istifadəçilərin naviqasiyasını asanlaşdırmış olursunuz.