Online, ya da İnternet Reklamın Offline Reklamdan Üstünlüyü Nədədir

0
Online Reklamla Offline Reklam Arasındakı Fərq Nədir?!

Online Reklamla Offline Reklam Arasındakı Fərq Nədir?!

Digital (Rəqəmsal) marketinqi İnternet və ya Online marketinq kimi də adlandırmaq olar. Yəni əslində müxtəlif ədəbiyyatlarda bu variantların hər birindən istifadə olunur. Önəmli olan bu deyil. Yadınızdadırsa, əvvəlki bloq yazımızda internet marketinqin effektindən yazmışdıq. Biz rəqəmsal reklam üsullarının hər birinin hansı cəhətdən daha əlverişli olduğunu ayrı-ayrılıda göstərmişdik. Bir halda ki, internet reklamlar hələ çox yeni – 1990-cı illərin əvvəllərindən yaranmağa başlayıb, bəs onda internet marketinqin offline marketinq qarşısında hansı üstünlükləri var?
Gəlin öncə online reklamla offline reklamları bir-birindən ayrı şəkildə göstərək:

Online Reklamlar Offline Reklamlar
  • İnternet reklamları
  • SEO
  • Email Abunələr
  • Sosial Şəbəkə Reklamları
  • Baner Reklamları
  • Axtarış Reklamları
  • Mobil reklamlar – Ən yeni reklam kanalı olması ilə böyük maraq doğurur. Mobil reklamların imkanlarının tam kəşf edilməməsi də əlavə yeniliklər vəd edir.
  • TV reklamları
  • Radio reklamları
  • Press
  • Yol reklamları
  • Nəqliyyat reklamları
İndi də baxaq adət etdiyimiz bu qədər reklam növləri (offline reklamlar) qarşısında online reklamların üstünlükləri nədədir?!

Online reklamın offline reklamlar qarşısında üstünlükləri

Online reklama təkrar-təkrar baxmaq olar

Offline reklamlar haqqında isə bunu demək çox çətindir. Bəyəndiyiniz TV reklamını yenidən görmək üçün, gözəl radio reklamı yenidən dinləmək üçün nə qədər gözləmək lazımdır? Qəzet və jurnalı almısınızsa press reklamını doyunca (daha doğrusu araşdırıb bitirənə qədər) izləyə bilərsiniz. Ancaq yol və nəqliyyat reklamına yenidən baxmaq üçün bir daha dövr etməlisiniz.

İnternet reklamlardan geriqayıtma sayı məlumdur

İnternet reklamlardan əldə olunmuş nəticələrin statistikasını xırdalıqlarına qədər izləmək mümkündür: hətta hansı regiondan hansı yaş aralığında və hansı cinsin nümayəndələri hansı saatlarda reklamı izlədiyinə qədər bir çox məlumatları toplamaq olur. Hətta ayrı-ayrılıqda hansı reklama görə necə nəticə alındığını da əldə etmək olar. Düzdür, TV reklamı ən çox izlənilən (eyni zamanda ən bahalı) reklamdır və sonucları da elə reklamın verildiyi anda telefon zənglərinin sayına görə anlamaq olar. Bəs, əgər TV reklamı ilə radio reklam eyni anda yayınlanarsa, onda necə? Hətta bir neçə TV kanalında yayınlanmış reklamın hansının daha effektiv olduğunu anlamaq çox çətindir.

İnternet reklam istənilən zaman dəyişdirilə bilər

TV və ya radio reklamın hazırlanması daha çox çalışma (xərc) tələb etməsiylə yanaşı onların dizayn və yazılarında dəyişiklik etmək də bir o qədər çətindir. Artıq çapa göndərilmiş qəzet və jurnallardakı səhvləri dəyişdirmək heç cür mümkün olan iş deyil. Yol və nəqliyyat reklamlarının də dəyişdirilməsi nə qədər əziyyətli iş olduğunu düşünmək olar.
İnternetdə isə belə deyil. Reklam xoşunuza gəlmir? Girin və uyğun kodlarda istədiyiniz dəyişiklikləri edin. Bundan sonra hər kəs eyni yerdə eyni reklamda fərqli dizayn və yazıları görəcək. Bunun üçün heç bir material xərci də olmayacaq. Sadəcə özünüz dəyişə bilmirsinizsə, dizaynerə ödəniləcək xərclə bu işi həll etmiş olacaqsınız.

İnternet reklamların izləyici seçimi imkanı var

Doğrudur, TV, radio və pressdə izləyici, dinləyici və oxucu kütləsinin məlum olduğu sahələr var. Yol və nəqliyyat reklamını da müəyyən bir bölgə üzrə aparmaq mümkündür. Ancaq bu digital texnologiyaların imkanları qarşısında çox zəifdir. İnternet və mobil marketinq hədəf kütləsinin ən xırdalıqlarına qədər seçim etmək üçün illərdir çalışır: elə lap əvvəldən – biz Google, Facebook kimi reklam platformalarında qeydiyyatdan keçəndə özümüz öz doğum günümüzü, cins və danışdığımız dili onlarla çatdırırıq. Sonradan daha çox məlumat toplamaqsa onların işidir: bizə ən uyğun reklamları çatdırmaq üçün bizim haqqımızda mümkün qədər informasiya toplamağa çalışırlar.

İnternetdə reklamları statistikaya uyğun inkişaf etdirmək imkanı var

Digital reklam platformaları istifadəçilərin informasiyalarını toplayaraq öz müştərilərinə (reklamverənlərə) dolğun statistika təqdim etmək gücünə malikdirlər. Reklamverən də öz növbəsində bu statistikalara uyğun olaraq öz reklam kampaniyalarına online şəkildə dəyişiklikər (istənilən anda saxlaya, reklamı/kanalı/formasını dəyişə, redizayn və düzəliş) edə bilər.

İnformasiya texnologiyaları sayəsində online reklamın daha çox yenilik etmək və fantaziya imkanları var

Yaradıcı insanlar sərhəd tanımır, ancaq yenə də sadəcə TV kanalındakı reklam ilə Youtube kanalı, radio reklam ilə saytlarda arxadan gələn gözlənilməz səslər, mətbuatdakı yazılarla saytlardakı qaçan, rəngini dəyişən interaktiv reklam yazıların imkanları eyni sayıla bilməz.

Offline reklamların online reklam qarşısındakı üstünlükləri

Offline Reklam Ciddiyə Alınır

TV, Radio, Mətbuat, Yol və Nəqliyyat reklamlarını hər kəs ciddi qəbul edir. Doğurdan da ciddi maliyyə dəstəyi olmadan belə reklam kampaniyalarına başlamaq mümkün deyil. Biz hələ lazım olan sənədləri saymırıq. Adicə hər hansı bir qəzetdə elan yerləşdirmək istəsəniz şəxsiyyət vəsiqənizin kopyasını tələb edəcəklər.
Online reklamı isə hər kəs istədiyi uydurma bir şəxsin adından, uydurma bir marka altında yarada bilər. Heç bir sənəd tələb olunmur. Böyük bir reklam kampaniyasına başlamaq üçün bir domen adı almaq və hostinq xidməti ilə internetdə yayımlamaq olar. Bütün bu asanlıqların qarşısında insanların internet reklamlarına inamı azdır. İnternetdə yazılanların hamısına inanmaq olmaz, ən azından yoxlamaq lazımdır.

TV, Radio, Mətbuat, Yol və Nəqliyyat Reklamları Ən Azı 1 Dəfə İzləyirik

Burada maraq amili də rol oynayır. Görəsən yeni nə var, nəyi reklam edirlər? Buna görə də sizin reklam zəif olsa belə ən azı bircə dəfə oxunacaq, dinləniləcək, izləniləcək.
İnternetdə isə bunun tam əksinə – reklam banerlərinin harada yerləşdirildiyi hər kəsə məlumdur. İnsanlar saytların sağ tərəfinə heç baxmırlar da. Əgər zor gücünə gözə soxmağa çalışsanız da effekt verməyəcək – ziyarətçilər ya saytı tərk edəcək, ya da sıçrayan pəncərələri əsəbi halda mümkün qədər tez bağlamağa çalışacaqlar.
Doğrudur, PPC (Pay Per Click), PPA (Pay Per Action) kimi seçimlər sayəsində uğurlu reklam kampaniyaları yarada bilərsiniz, ancaq ənənəvi reklam kanallarının gücünü də nəzərə almamaq olmaz. Buna görə də ən doğru seçim üçün aşağıdakı prinsipi əsas tutmağı məsləhət görürük:

İnternet reklam offline reklamlardan heç olmazsa birinin dəstəyi ilə maksimal effekt verə bilər.

Bəzi İT-mütəxəssislər var ki, TV-Radio reklamların artıq keçmişdə qaldığını düşünür (doğrudan da, yalnız internet üçün yaradılmış proyektin TV reklamına çəkilən xərcin özünü doğrultması sual altında olar). İnternet marketinqlə heç maraqlanmayan marketoloqlar isə onun gücünü tam dəyərləndirə bilmir, nəticədə isə o qədər də önəmli saymırlar (düzgün qurulmamış digital marketinq plan olmadan ciddi nəticələr də mümkün deyil). Realda isə yalnız bu iki sahənin birlikdə çalışmasından sonra arzu edilən nəticənin əldə olunduğunu görə bilərik.