Online Alveri Öldürən 7 Səbəb: Azərbaycanda E-Ticarət

Azərbaycanda online ticarəti öldürən 7 səbəb

Azərbaycanda online ticarəti öldürən 7 səbəb

İndi Azərbaycanda da dəbdə olan online marketlərin sayı artmaqdadır.

Ancaq onların sayının artması ilə birlikdə çox sayda bağlanan internet mağazaları da görürük. Bəs niyə belə olur? Açılan e-ticarət saytlarının bağlanmasının səbəbi nədədir? Əlbəttə ki, bu sualın ən böyük cavabı satışların, yəni alverin olmamasındadır. Hər kəs də bilir ki, böyük büdcəli reklam kampaniyası ilə durumu yaxşılaşdırmaq olar. E-ticarət qurumlarının isə böyük büdcəsi olmur, ya da reklam üçün ayrılması doğru deyil. Çıxış yolunu, yəni online market saytında satışların artırılması üçün görülməsi gərəkən işləri növbəti bloq yazımızda paylaşacağıq. Hələlik isə Azərbaycanda e-ticarətdə rast gəldiyimiz, alveri öldürən 7 səbəblə tanış olaq. Adidən (düzəldilməsi asan olanlardan) çətinlərə doğru ardıcıllıqla:

1-ci Səbəb. Online Market Saytının Fiziki Ünvanını Göstərməyə Çalışın

Əlbəttə ki, e-ticarətin ən çatışmayan cəhəti alıcıların internet mağazalara inamının az olmasıdır. Alacaqları məhsula əl ilə toxunmaq istəyənlər də var. Bunun üçün əgər sizin dükanın və ya anbarın fiziki ünvanı varsa, onu saytda, Google Maps-da göstərməkdən çəkinməyin. Çox guman ki, heç kəs internetdə yazılmış məlumatla dükana, ya da anbara gəlməkdə maraqlı olmayacaq (hələ pulsuz çatdırılma varsa), ancaq belə bir ünvanın olması alıcıların həmin satış kanalına inamını artırır. Bu Google axtarışlarında da əlavə reklam olacaq və SEO üçün böyük faydası toxunacaq.

Bu isə RAHAT MARKET, BAZAR STORE kimi fiziki ünvanları olan ticarət obyektlərinin inam qazanma və reklam cəhətdən üstünlükləridir.

Bu nəinki e-ticarətlə məşğul olan, həm də bütün şirkətlərin marağında olmalıdır.

Səbəb 2. Buklet, Vizit Kartlar və Başqa Çap Reklamlarına Çox Xərc Ayırmayın

Azərbaycanda ən çox baş verən problemdir desək heç də yanılmarıq. Həm də tələb olunan iş xərcləri azaltmaq və ödənişsiz internet reklamlardan istifadə etməkdirsə, bunu etmək çətindirmi?!

Əgər internet üzərindən satışları artırmaq istəyirsinizsə, reklam hədəfiniz də internet istifadəçiləri olmalıdır. TV və ya nəqliyyat reklamları kimi ənənvi reklam kampaniyalarına çəkilmiş xərclər çətin ki, özünü doğrultsun. Doğrudur, bu böyük üstünlükdür. Ancaq insanları internetə, oradan da saytınıza girməyə səsləməkdənsə, internetdəki istifadəçiləri sayta çağırmaq daha qısa olmazmı? Ən önəmlisi isə internet reklamlar pulsuz, ya da ucuzdur.

Misal üçün, dəfələrlə LALAFO saytının reklamlarını TV və nəqliyyatda görməyimə baxmayaraq ilk dəfə indi açdım, çünki reklamı gördüyümdə internet istifadə etmirdim. Halbuki, bu cür reklamlar qat-qat bahadır.

Səbəb 3. Online Reklamın Offline Reklamlardan Üstünlükləri Daha Düzgün İstifadə Edilməlidir

İnternet reklamların adət etdiyimiz ənənəvi reklamlar qarşısında bir çox üstünlükləri var. Hansılardır, daha ətraflı buradan oxuya bilərsiniz: http://www.web.com.az/online-internet-reklamin-offline-reklamdan-ustunluyu-nededir/ Burada reklam kampaniyaları düzgün qurulmalı və online reklamdan doğru istifadə olunmalıdır. Görüləcək işlərlə birlikdə hədəf və məqsədlərin düzgün qoyulması da önəmlidir.

4-cü Səbəb: Azərbaycanda İnternet Saytların SEO-sunun Zəif Olması

Yalnız e-ticarət saytlarının deyil, çox tanınmış şirkətlərin və böyük xəbər portallarının da saytlarında (deyəsən, Azərbaycanda başqa saytlar yoxdur) SEO-su ümumi götürsək, çox aşağı səviyyədədir. Dünya praktikasında görsənən isə budur ki, hər bir normal sayt trafikinin 70 %-indən çoxunu axtarış sistemlərindən toplayır. Azərbaycan saytlarının isə böyük əksəriyyətində heç Title, Description və Keywords verilənləri göstərilmir, ya da düzgün işlədilmir. CMS vasitəsilə yaradılmış online market saytlarında bunu avtomatik doldurulma imkanları verildiyinə görə vəziyyət bir az yaxşı sayıla bilər. Ancaq SEO üçün meta datalar qədər önəmli olan başqa işlər də var.

5-ci Səbəb: Online Marketlərin Bloqunun Olmaması

Online market üçün bloqun yaradılması müştəri məmnuniyyəti, araşdırma, SEO, content və inam qazanma kimi bir sıra işlərdə önəmlidir. Ancaq Azərbaycanda hansı online market saytında bloq görmüsünüz? FakirShop saytı kimi bir neçə istisna ola bilər.

6-cı Səbəb. Çatdırılma Xidmətindəki Problemlər

Azərbaycanda çox az olsa da, texniki cəhətdən düzgün yaradılmış, gözəl dizayn edilmiş internet shoplar var. Belə saytlarda isə çatdılma, ya da başqa problemlər ortaya çıxır. Hərkəs bilir ki, internet marketdə qiymətlər adi mağazadakı qiymətlərdən aşağı olmalıdır, çünki e-ticarətin xərcləri azdır. Ancaq ucuz qiymət keyfiyyətsiz demək deyil. Alıcıya qayğı adi mağazalarda olduğu kimi “alıcı hər zaman haqlıdır” prinsipi ilə göstərilməlidir. Sifariş müştərinin istədiyi vaxtda istədiyi şəkildə çatdırılmalıdır. Əgər ilk başlayanda bunu etmək çətindirsə, qiymətləri ucuz tutmaya da bilərsiniz. Alıcı yenə də gözəl xidmət və pulsuz çatdırılmaya görə qazancda olacaq.

Səbəb 7. Online Market Saytları Başqa Saytlar Kimi Çox Gec Tanınır

Azərbaycanın digital marketing haqqında biznes-bloqlarından birində oxuduğum fikir məni çox düşündürmüş və hətta bu bloq yazısını yazmağa tələsdirmişdi. Adını çəkməyin doğru olmayacağını düşündüyüm üçün hansı sayt olduğunu paylaşmaq istəmirəm. Ancaq məna olaraq belə anlatılırdı ki, “əgər tez bir zamanda market qurub satış etmək istəyirsənsə e-ticarət saytı açmalısan. Bu çox asan, həm də tez bir zamanda gəlir əldə etmək üçün yaxşı üsuldur.”

Biz isə deyirik, online market saytından düşündüyünüz gəlirləri saytın qurulub işə başlamasından 1 il sonra götürə bilərsiniz. O da yalnız bütün işlərin doğru-düzgün aparılması halında ola bilər. Ona görə ki, Google 1 yaşı olmayan saytları o qədər də yaxşı qiymətləndirmir. Hər bir saytın internetdə yayılması üçünsə müəyyən zamana ehtiyac var.

Adi mağazaların tanınıb müştəri toplamasına bir neçə ay kifayətdirsə, internet marketlərdə bu belə deyil. Əgər siz ödənişli reklamlara pul tökməyəcəksinizsə, saytın tanınıb güclü trafik toplaması üçün ən azı 1 il çalışması lazımdır. Yalnız bundan sonra gəlir götürmək üçün işləmək haqqında düşünməyə dəyər. Azərbaycan saytlarının isə deyəsən ortalama yaşamaq dövrü 1 il 6 aydır.

Saytda SEO işlərinə böyük vaxt ayrılmayıb və 1 ildən sonra yeni nəfəslə çalışmağa başlamayıbsa, onda saytın ölümünə daha çox səbəblər axtarmağın mənası yoxdur. Azərbaycanda e-ticarətin qarşısında duran çətinliklərə gəldikdə isə – biz burda onlardan yazmağı düşünməmişik də.. çünki çətinliklər biznesə stimul verən, onu inkişafa aparan yoldur. Həm də Azərbaycanda elektron ticarətin elə də böyük çətinliyi yoxdur. Online ödəniş sistemlərinə gəldikdə, yenə də, bu mövzu sonradan yaranmış deyil, yəni online market açdığınızda artıq bunun necə olacağı haqqında düşünmüş olmalısınız.

Oxumağa Dəyər:

Bu Mövzuya Uyğun Başqa Yazılar