Marketinq Reklamdırmı? Marketinqdə Reklamın Rolu Nədir

0
Nə üçün marketinq deyəndə reklam anlaşılır?!

Nə üçün marketinq deyəndə reklam anlaşılır?!

Bizimlə yanaşı bir çoxları da marketinqdən danışmağa başladıqda birdən-birə tam 180 dərəcə reklama doğru çevrilə bilər. Hər kəsdə “bu nə deməkdir?” sualı yaranır. Elə buna görə marketinq soruşulduqda reklam anlaşılmasının səbəblərindən yazmağı qərara aldıq.

Gəlin öncə asandan başlayaq, yəni bu anlayışları rəqəmsal olmadan aydınlaşdıraq. Beləliklə,

Reklam Nədir?

Reklam – hər hansı məqsədlə bir məhsulun (və ya xidmətin) ödənişli şəkildə bir qrup insan arasında tanıdılmasıdır. Öz məqsədinə çatmaq üçün informasiya müxtəlif yollarla son istehlaçıya çatdırılır. Burada məqsəd müxtəlif ola bilər: tələbin yaradılması, satışın artırılması və ya başqa.

Marketinq Nədir?

Marketinq – məhsul istehsalının (ya da xidmətin) başlanmasından son istehlakçıya çatdırılmasına qədər olan bütün proseslərin (yaradılması, tanıdılması, satışı və satışdan sonrakı xidmətin) bir araya toplanmasıdır.

Deməli, reklam marketinq anlayışına baxanda daha dar sahəni əhatə edir. Ümulikdə marketinq aşağıdakı problemlərin həlli yollarını araşdırır:

  • Məhsul (göstəriciləri, keyfiyyət, qablaşdırılma və b.);
  • Qiymət (qiymətləndirilmə, rəqiblərlə müqayisədə düzgün qiymət seçimi, qiymət siyasəti və b.);
  • Satış (satış kanalları, çatdırılma və b.);
  • Tanıtım (burada isə tələbin yaradılması, özəl satışlar və PR kimi işlərlə yanaşı reklam).

Bu prinsiplərə marketinqdə Məhsul (Product), Qiymət (Price), Yer (Place) və Tanıtım (Promotion) sözlərinin birinci hərflərinə uyğun olaraq 4 P də deyirlər. Biz isə marketinqin qarşısında duran vəzifələrdən sadəcə sonuncusunun – Tanıtımın tərkibində reklamın olduğunu görürük.

Marketoloqların qarşısındakı bu problemləri gözdən keçirdiyimizdə onların niyə belə bölüşdürmə ilə asanlıqla razılaşdırdıqlarını görərik.

1. Beləkiklə, Məhsul. Marketoloqları istehsal prosesinə buraxmırlar (heç özləri də buna maraq göstərmir). Avadanlıqlar, səs-küy, fiziki işlər, fəhlələr… Düzəltmək bizim işimiz deyil, nə yaradılarsa biz də onu satarıq. Çox az hallarda olur ki, istehsal prosesində marketoloqlar da iştirak edir. Qablaşdırmaya gəldikdə, bunu reklama aid edirlər (axı nəysə çəkmək lazımdır). Əslində isə bütün bunlar məhsulun xarakteristikaları ilə birlikdə istehsal prosesindən əvvəl planlaşdırılmalıdır.

2. Marketinqin 2-ci prinsipi olan qiymətə baxsaq – bura da marketoloqlar üçün deyil. Əgər rəqabət böyükdürsə, qiymət bazar rəqabətinə uyğunlaşdırılır. Əgər monopolist, ya da oliqopoliyadırsa, bu zaman da “mənim məhsulumdur, neçəyə istəyirəm o qiymətə də satıram” prinsipi ilə şirkət rəhbərinin “duyğularından” asılı olur. Hətta rəqabətli bazarda da seçilmək və başqa qiymət təyin etmək imkanları var. Misal üçün, qiyməti qaldırıb məhsulu “Premium Klass” adlandırmaqla başqalarından asılı olmayan qiymətlər təyin etmək olar. Ancaq marketoloqlar məhsulun qiymətləndirilməsi amilinə təsir edən ən axırıncı mütəxəssislərə çevrilmişdir. Öncə direktor, sonra ekonomist, buxalter, satış təmsilçiləri və ən sonda marketoloqun fikri qiymətin təyin edilməsində nəzərə alınır.

3. Satış yerlərini əsasən loqistika araşdırır (onların özlərini də iqtisadiyyatçılarla qarışıq salırlar). Merçendayzinq bizdə mütləq olmalıdır, məhsul satışa çıxarılmalıdır axı..qalan işlərisə heç kəs düşünmür. Rəqiblərin reklamları, özlərini aparması və b. araşdırmaları da reklamla bağlayırlar.

Gəldik marketinq nəzəriyyəsinin 4 P adlandırılan ən önəmli prinsiplərindən sonuncusuna

4. Tanıtım.

Marketinqin bu funksiyasını elə birbaşa reklamla bağlayırlar. Halbuki, burada reklam kimi görüləsi başqa bir çox işlər də var: kuponlar, endirimlər, hədiyyələr, ictimai aksiyalar,.. Bunlar isə heç də reklam deyil. Yadımıza salaq ki, reklam yalnız informasiyanın ötürülməsidir. Burda belə bir iş var: misal üçün, aksiyanın özünü də reklam etmək olar. Doğrudur, reklam aksiyalarına gəldikdə bu məsələdə bir balaca qarışıqlıq alına bilər.

Onda gəlin reklam və PR üzərində dayanaq. Mən burada heç PR və reklamın fərqlərindən də yox, konkret olaraq reklam məqaləsi ilə PR məqaləsinin fərqindən danışmaq istəyirəm. Bunlar arasında ən başlıca fərq reklamın hər zaman öz xərcini ödəməli olmasındadır. PR isə çox vaxt öz xərcləlirini ödəmir. Bir də reklama baxdıqda birbaşa kimə aid olduğu, sifarişçinin kim olduğunu başa düşmək olur. PR məqalədə isə belə deyil. Belə məqalələrdə iki gediş qabaqcadan düşünülmüş addım atılır.

Daha konkret olaraq öz bloq yazılarımızdan birinin üzərində baxaq: “Mobil Uyğulamalı Saytlar SEO üçün Önəmlidir” yazısında heç bir reklam yoxdur. Heç sifariş verin, sizin saytınızı biz quraq, ya da hazır saytın mobil versiyasını hazırlaya bilərik kimi biznes təklifləri də yoxdur. Sadəcə geniş şəkildə izah olunur ki, bu gün saytlar mobil uyğulamalı hazırlanmalıdır. Google belə saytları daha yüksək qiymətləndirərək, atarış nəticələrində daha yüksəkdə göstərir. Özünüz də yoxlaya bilərsiniz ki, saytınızı müxtəlif mobil qurğulardan ziyarət edənlərin sayı personal kompyuterlərdən girənlərin sayından daha çoxdur. Əgər saytınız mobil uyğulamalı deyilsə, ya da ən azından mobil versiyası yoxdursa internet marketinqdə uğur qazanmaqdan danışmağına dəyməz. Bu birinci addımdır.

Daha sonra saytımızın başqa səhifələrində bizim WEB studiyanın hazırladığı saytların hamısının mobil uyğulamalı saytlar olduğunu yazırıq. Beləliklə, biz həm potensial müştərilərimizi məlumatlandırmış oluruq, həm də dolayısıyla WEB Dizayn Studiyamızı PR etmiş oluruq. Bu cür PR məqalələr həmişə özünü doğrultmur: ola bilsin ki, biz 100 nəfəri saytların mobil uyğulamalı olmasının vacibliyinə inandıracağıq, ancaq onlardan heç kəs bizim studiyada sayt sifariş verməyəcək. (Olsun, biz yenə də Azərbaycanın internet istifadəçilərini informasiya ilə təmin etməyə davam edəcəyik.)

Sonda isə belə bir mənzərə alırıq ki, əgər marketinqin müxtəlif qollarını qoparsaq, başqa işləri isə tərsinə – reklama aid etməklə reklam və marketinq eyni anlayışlardır. Əslində isə heç də belə deyil..

Gələn bloq yazımızda isə digital marketinqlə ənənəvi marketinqin fərqlərindən yazacağıq. Bloq yazılarımızı oxmağa davam edin.