İnternetin Ən Böyük On Axtarış Sistemi

1
İnternet Axtarış Sistemləri (Search Engine)

İnternetin Axtarış Sistemləri (Internet Search Engines)

Axtarış sistemləri (search engines) bir çox hallarda internetə girişin başlanğıc nöqtələri olur. Demək olar axtardığımız saytı da tapmaq üçün ilk öncə axtarış sistemlərinə baş çəkirik. Buna görə də axtarış saytlarından birisi ya ev səhifəsi seçilir, ya da susmaya görə axtarış sistemi kimi seçilir ki, yanlış yazılmış URL sonucunda verilmiş saytlardan seçim etmək mümkün olsun. Bu axtarış sistemləri daxil edilmiş sözə görə axtarışı öncədən yaratmış olduğu bazasında aparır. Deməli, hansı axtarış sisteminin bazası geniş olarsa, axtarılan nəticəni həmin saytdan almaq ehtimalı daha yüksək olacaqdır. Bundan başqa sistemlərin işləmə prinsipləri də çox önəmlidir.

Bu bloq yazımızda sizə internetdə ən geniş yayılmış axtarış saytlarından, daha doğrusu ən böyük 10 axtarış sistemindən yazacağıq. Belə ki, bu gün internet axtarışlar sahəsində sözsüz lider Google şirkətidir.

İnternetin Ən Böyük On Axtarış Sistemi

  1. Google – Dünya nəhəngi Google, hələlik Azərbaycanca versiyası olan tək axtarış sistemidir. Yaxşı yöndə tanıtmaq üçün bundan artıq nə demək olar ki?! Bu axtarış saytı internetdəki bütün axtarışların 70 %-ə qədərini özündə toplamaqla ən yaxın izləyicisini 45 % qabaqlayır. Eyni zamanda Google mobil və planşet axtarışlarında da dominatlıq edərək bazarın 89 %-nə nəzarət edir!
  2. Bing – Microsoft məhsulu olan Bing bütün internet üzrə axtarışların 25 %-nə xidmət edə bilir. Beləliklə, yaxın zamanlarda bu axtarış motorunun 1-ci yerin sahibi Google-a çatacağına inanmaq belə mümkün deyil.
  3. Yahoo – 2011-ci ilin oktyabrından Yahoo axtarışları Bing sisteminin nəzarətindədir. Buna baxmayaraq Yahoo hələ də geniş yayılmış və ən çox istifadəçisi olan email provayderdir. Başqa-başqa mənbələrin verdiyi hesabatlara görə axtarış bazarında üçüncü yerin sahibi Yahoo ilk 2 axtarış sistemindən (Google və Bing) fərqli olaraq öz payını itirməyə davam edir.
  4.  Ask.com – Sual-cavab sistemi kimi formalaşmış 4-cü ən böyük axtarış saytı Ask-dır. Sualları başlıca olaraq başqa istifadəçilərin, ya da səsvermə ilə cavablandırılmasından qurulmuş Ask da Yahoo-nun zəifləməsi fonunda öz yerini möhkəmlətməyə davam edir. Onun da internet axtarışı funksiyası var, ancaq Google, hətta Bing və Yahoo axtarışları qədər keyfiyyətli hesab edilmir.
  5. AOL.com – Bir zamanların çox tanınmış axtarış sistemi hələ də 0,6 % bazar payı ilə ən yaxşı 10 axtarış sistemi arasında yer alır. AOL şəbəkəsinə engadget.com, techchrunch.com və huffingtonpost.com kimi websaytlar daxildir.
  6. Blekko.com – eks-Googleçuların yaratdığı Blekko.com özünü “spamsız axtarış sistemi” kimi təqdim edir. Bu sistem SEO məlumatlarına üstünlük verilməsi ilə adi istifadəçilərdən çox webmasterlər və SEOçuların işinə yarayır.
  7. Wolframalpha.com – wolframalpha bütün başqa axtarış sistemlərindən fərqlənir. Bu motor axtarışa Kompyuterləşmiş Məlumat Sistemi kimi baxaraq nəticələri bir neçə başlıq üzrə faktlar və rəqəmlərlə təqdim edir. Bütün verilənləri istənilən süzgəzə görə yenidən sıralama funksiyası ilə hesablamalarda yardımçınız olacaqdır.
  8. DuckDuckGo.com – DuckDuckGonu başqa axtarış sistemlərindən fərqləndirən bir neçə üstünlükləri var: açıq-aydın interfeys, istifadəçiləri izləmir, sayt reklamla yüklənməyib və başqa xırdalıqlar (Nəticələr yalnız bir səhidə göstərilir, birbaşa başqa saytlarda axtarışlar və b.) Mənim fikrimcə, gələcəkdə başqa sistemlər də DuckDuckGonun bu üstünlüklərindən istifadə etməyə başlayacaqlar. Həm də düzgün qoyulmuş sərmayə ilə axtarış sistemləri bazarında daha böyük yerləri paylaşa bilər.
  9. WayBackMachinearchive.org internetin arxiv axtarışı motorudur. Siz 1996-cı ildən bu yana websaytın necə göründüyünü tapa bilərsiniz. WayBackMachine domenin tarixini, keçdiyi yolları və illər boyu necə dəyişdiyini öyrənmək üçün çox yararlı alətdir.
  10. ChaCha.comAlexanın internet axtarışları motorları reytinq cədvəlinə görə ChaCha.com 8-ci ən tanınmışıdır. Bunun da işləmə prinsipi Ask.com kimi istifadəçilərin qarşılaşdığı anlaşılmazlıqlarla bağlı sual verməsi və həmin sualların cavablandırmasından ibarətdir. Həm də onların sıralanmış çözüm yolları var ki, öz növbəsində əlavə seçimlər verir. Bu elə də pis deyil və nöqtəsinə qədər dəqiqlik yaradır. Misal üçün, soruşsaq ki, “What is the best search engine?” (Ən yaxşı axtarış sistemi hansıdır? – aydın məsələdir ki, saytda suallar və cavablar yalnız ingilis dilindədir), cavab belə olacaq ki, Google ən yaxşı axtarma sistemidir və Bing də ikinci yerdədir.

Sizə bütün dünya üzrə ən böyük axtarma sistemlərinin reytinqini təqdim etdik. Həm də bu reytinq Qərb mütəxəsislərinin araşdırmaları əsasında ortaya çıxmışdır. Burada sual yaranır ki, bəs internetin Çin kimi böyüməkdə olan bazarı nəzərə alınıbmı? Bir şey dəqiqdir ki, Google hələ uzun müddət dünyanın ən böyüyü olmağa davam edəcək və belə görünür ki, ən yaxın izləyicisi Binglə rəqabətdən qalib çıxacaq.

Azərbaycanda Məşhur Axtarış Sistemləri

Ölkəmizdəki durum dünya üzrə olan sıralamaya bənzəsə də, Azərbaycanda rusdilli saytların geniş yayıldığını desək yanılmarıq. Googledan da öncə yaradılmış Yandex, ən böyük email provayderlərdən biri olan Mail.ru Azərbaycan üzrə baxılsa yəqin ki, ən azı 4-5-ci yerləri tutar.

Bu gün Azərbaycanın özünün axtarış sistemi yoxdur. Hələlik isə Azərbaycanca axtardığınız məlumatları Google.az-da tapa bilərsiniz. Həm də axtarışlarınızı kiril və ya latın hərfləri ilə də apara bilərsiniz. Kiril hərfləri ilə axtarışdan tapdığınız saytların sayı yeni olmasına baxmayaraq latın hərflərindəki axtarışdan tapılanlardan çox daha az olacaq. Başqa seçimsə yoxdur: Axtar.az daha çox demo versiyaya oxşayır, Tap.az isə pulsuz elanlar saytıdır. Ümid edirik ki, nə vaxtsa Azərbaycanda da belə bir sistem yaradılacaq..