Web.Com.Az Bloqu

Ən Yaxşı Bloq Yazıları Yazmağın Yolları

Bu gün özəl bloqlarla yanaşı bizneslər üçün də bloqların yaradılması çox önəmlidir. Yəqin ki, buna görə də WordPress ödənişsiz bloqyaratma servisində gündəlik 53,6 milyon yeni bloq yazısı yazılmaqdadır (yeri gəlmişkən, həmin servisdə çox asanlıqla Azərbaycan dilində də öz bloqunuzu və ya biznes saytınızı yarada bilərsiniz). Özlərinin dediyinə görə internetdəki bütün saytların 24 %-i  WordPress online platforması üzərində yaradılmışdır. Çünki, ödənişsizdir, asandır, durmadan inkişaf etdirilir, mobil telefonlara uyğunlaşdırılmışdır, minlərlə hazır dizaynları, milyonlarla istifadəçisi, premium planları var və SEO dostudur. Yenə də öz bloqunuzu yaratmaq üçün müəyyən qədər zaman, enerji və hətta pulunuzdan keçməli olacaqsınız. Bəs görəsən onu oxuyan olacaqmı?!

Əgər öz işinizi bilirsinizsə və bloq yazılarınız düzgün şəkildə yazılmışdırsa gec ya tez, mütləq oxuyan olacaq. İşinizin ustası olsanız da, fikirlərinizi Azərbaycan dilinin qrammatikasına uyğun səhvsiz və aydın yazmaqda çətinliyiniz olmasa belə, bloq yazılarını yazarkən aşağıdakı 8 ən önəmli ipucundan yararlanmağınızı məsləhət görürük.

1. Bloqu Kimin və Nə Üçün Yazdığınızı Düşünün

Hər hansı bir bloqu yaratmağa başlamadan öncə özünüzə bu 2 sualı varin:

Bunu Nə Üçün Yazıram? Sizin biznesin hədəfləri daha çox satış etmək olmalıdır, ancaq bloqun ilk işi oxucuları bilgiləndirmək və onlara problemlərində yardımçı olmaqdır. Buna görə də sizin bloqunuz işinizə daha çox alıcılar qazandırmaq üçün oxuculara birincilik və inam duydurmalıdır.

Kimin Üçün Yazıram? Yəqin ki, biznesinizin düşünülmüş ideal alıcıları var. Onları yadınızdan çıxarın və yaddaşınızın bir künçündə tutun. Bax, bloq yazılarınızı da bu ideal alıcılar (oxucular) üçün yazın: Onlar nə ilə maraqlanır? Onların ən çox çətinlik çəkdikləri durumlar hansılardır? Hansı sualları sizə tez-tez və təkrar-təkrar verirlər? Onlarla necə danışmaq lazımdır ki, xoşlarına gəlsin?

2. Dialoq Şəklində Yazın

Artıq nə üçün, başlıca olaraq kimin üçün yazdığınızı bildikdən sonra onlarla necə danışacağınızı düşünməyin zamanıdır. Bloq yoldaş kimi olmalı, xırdalıqlara qədər aydınlatmalı, praktik və səhifələr arasında keçidlər asan olmalıdır.

Düşüncələri Tamamlayın, Nöqtəsini Qoyun: Axı sizin oxucuların araşdırma aparmağa vaxtı yoxdur. Hər bir kiçik məsələni axırınacan aydınlaşdırın ki, qaranlıq heç nə qalmasın. Beləcə oxucuların zamanına diqqət göstərin. Yazmaq istədiyinizi beş sözə yerləşdirmək olursa, onu bilərəkdən uzadaraq on söz uzunluğanda yazmayın.

Asan Anlaşılan Yazın: Bloq bir professionalın oxuculara yardımı kimi olmalıdır, onların işini asanlaşdırmalıdır. Söz anbarınızın genişliyini göstərmək, çətin terminlərlə yazmaq məsləhət görülmür.

3. Məlumatlandırın, Ancaq Satmayın

Çağdaş insan reklam mesajları almaqdan yorulub. İndi də yeni reklamlar oxumaq üçün sizin saytınıza gəlməmişdir. Onlar özlərinə sual verəcəklər: “Burda mənim üçün nə var?” Buna görə də yararlı olmağa çalışın: sualları cavablandırın, problemləri həll edin, oxucuların bilmədiklərini paylaşın.

4. Diqqət Çəkən, Oxumağa Səsləyən Başlıqlar Seçin

Başlıqlar ikitərəfli işləyir: yeni oxucularda yazılmış materiala maraq oyadır və bloq yazının axtarış sistemlərində irəliləməsinə yardım edir. Başlıqları sosial mediada paylaşaraq yazı ətrafında müzakirələrin yaradılması asandır.

Əlbəttə ki, başlıqların çox uzun olmamasına, bloq yazısını aydın və düzgün təsvir etməsinə çalışın. Deyirlər rəqəmlər diqqət çəkir, ancaq ilk növbədə başlığın öz biznesinizlə bağlı sözlərdən qurulmasına çalışın. Örnək, əgər çarpayı satırsınızsa, belə bir başlıq yerinə düşər: “Gecələr yaxşı yatmaq üçün evdəki rahat yer” Burada yataq otağını və çarpayını evin hansı küncünə qoymağın yaxşı olmasından yaza bilərsiniz.

Asan görsənir, elə deyilmi? Ancaq yox! Hər bir bloq yazısının başlığını yazmaq ən azı bütün bloqu yazmaq qədər çətindir. Əgər başlıq diqqət çəkməyəcək, yeni-yeni oxucular qazandırmayacaqsa, onda geriyə qalan yazıların yazılmasından nə fayda?! Başlıqlarla bağlı bir daha geniş şəkildə yazmağa çalışacağıq.

5. Bloqun Quruluşuna Diqqət Yetirin

Heç kəs internetə uzun-uzadı qarışıq yazılar oxumaq üçün girmir. Oxunuşu asanlaşdırmaq üçün:

  • bloq yazısını bölmələrə ayırın;
  • alt-başlıqlardan və sıra ilə düzülmüş başlıqların qarşısında qoyulan nişanlardan yararlanın;
  • uzun, qarışıq yazılarda alt-başlıqları sıra ilə nömrələmək də yaxşı olardı.

Hər zaman yadda saxlayın: sonda mütləq yazılış və qrammatik səhvləri tapmaq üçün başdan axıra qədər oxuyun. Bu yazının keyfiyyətini qaldırmaqla yanaşı oxucularda sizin haqqınızda yaxşı fikirlər formalaşdıracaq. Axı kim düzgün yazmağı bacarmayan, ya da diqqətsiz birindən öyrənmək istəyər?!

Yazı ilə bağlı şəkil və video fayllar da işinizə yarayacaq. İşin tam anlamını açıqlamaq üçün foto, çızma-qara və dioqramları hər alt-başlığın yanında yerləşdirin.

6. Açar Sözlərindən İstifadə Edin

Hər dəfə yeni bloq yazmağa başlamazdan qabaq öz biznesiniz və həmin mövzuyla bağlı açar sözləri (keywords) düşünün. Sonra yazını yazdığınız müddətcə həmin açar sözlərini başlıqlarda (alt-başlıq və şəkillərin təsvirində), mətndə işlədin. Zamanla başlıqlardakı açar sözləri rəylərdən, sosial paylaşmalardan gələn keçidlərlə axtarış sistemlərindəki durumu yaxşılaşdıracaq.

Həddindən çox açar sözləri yazmaqdan uzaq olun: unutmayın ki, bloqu axtarış sistemləri üçün yox, oxucularınız üçün yazırsınız. Heç vaxt öz bloqunuzdan və başqa saytlaran kopyalamayın. Köçür-Yapışdır (Copy-Paste) bloqunuzu Google-un qara siyahısına sala bilər.

7. Söhbətdən Kənara Çıxın

Bloq yazının ortalarında qısa cümləylə əyləncəli şəkildə mövzudan kənara çıxa bilərsiniz. Ancaq yazını elə başqa istiqamətdə də bitirin. Yazının sonu artıq satış etməyin tam zamanıdır: yazı ilə bağlı məhsullara baxmağa, ya da emaillə yeniliklərə abunə olmağa çağırın. Ən azı oxucudan mövzuya fikir bildirməsini və ya qoyduğunuz suala cavab bildirməsini xahiş edin. Burada nəysə bir az yaradıcı olmaq gərəkdir..

8. Sonda isə, Ən Önəmlisi: Ardıcıl Olun

Biznes bloqunun yaradılması və idarə olunması çox enerji və zaman istəyir, ancaq siz hər gün yeni bir yazı yazmaq məcburiyyətində deyilsiniz. Həftədə bir dəfə də olsa planlı şəkildə vaxtaşırı doldurulan sağlam biznes bloqu yaradın. Oxucularınızı yeniliklərlə sosial media və ya email yeniliklər xidməti ilə xəbərdar edə bilərsiniz. Sadəcə unutmayın ki, əgər bloqunuz yerindən tərpəndisə artıq durmamalıdır. Yavaş sürətlə də olsa durmadan, ardıcıllıqla çalışın və nəticə gələcək.

Bəs sizin özəl və ya biznes bloqunuz varmı? Bunu bilmək doğurdan da maraqlı olardı. İstəsəniz bloqunuza keçid də qoymaqla rəyinizi bildirin: Siz öz bloqunuzda bu ipuclarından hansından yararlanırsınız?

Oxumağa Dəyər:

Bu Mövzuya Uyğun Başqa Yazılar