Düzgün Google Axtarışı: Necə Axtaran Tapar

Düzgün Google Axtarışı: Necə Axtaran Tapar

Düzgün Google Axtarışı: Necə Axtaran Tapar

Google bir çoxumuzun düşündüyündən də çox böyük və güclü alətdir. Elə təkcə axtarış sistemini necə daha düzgün istifadə edəcəyimizi bilsək axtarılan informasiyanın tapılması qat-qat asanlaşmış olar.

Hər zaman axtardığınızı tapa bilirsinizmi? Yoxsa, siz də mənim kimi həmişə axtarış aparanda Google-un kiçik sirlərini yada salmağa çalışırsınız?

Plantetimizin hər ucunda yerləşən 132 mindən çox maşını olan Google 101 dildə informasiya tapa bilir. Dünya bazarının 70 %-ni tutur. Bu isə o deməkdir ki, internetdə axtarış aparan 10 istifadəçidən 7-si bu axtarış sisteminə üz tutur. Hər gün 50 milyon axtarış sorğusu alaraq 8 milyard web-səhifəni yoxlayır.

Google intelektual texnika ilə tekstlərin analizini aparır: axtarışa ən uyğun səhifənin tapılması üçün yalnız səhifələrin özlərini yox, eyni zamanda həmin səhifəyə keçid verən səhifələrin önəmliliyini də hesablayır.
Bu qədər axtarışı darlaşdırmaq və axtarılan nəticənin daha az və istədiyimiz formatda olması üçün sorğu dili yaradılmışdır. Onlardan bir neçəsi ilə tanış olaq:

Məntiqi “VƏ” (AND)

Susmaya görə, axtarış sorğusunda sözlərin arasında boşluq qoyduqda Google bütün sözləri axtarır. Demək ki, boşluq və AND əmri eyni gücə malikdir.

Məntiqi “YA DA” (OR)

OR operatorunun yardımı ilə axtarılan iki sorğudan heç olmasa birinin olduğu nəticələri ala bilərik. Hər iki hərfin mütləq böyük olması vacibdir. Yuxarıdan aşağıya düz xətt ( | ) məntiqi “ya da” əmrilə eyni gücdədir.

Örnək:
Yandex OR Yahoo
Yandex | Yahoo
(hər iki sorğu eyni – Yandex və ya Yahoo-dan hansısa biri olan nəticələri tapacaq)

Unutmayaq ki, axtarış sorğularındakı sözlərin böyük, yoxsa kiçik hərflə yazılmasının heç bir fərqi yoxdur.

“Üstəgəl” (+) operatoru

Elə hal da ola bilər ki, sözün yalnız nəyəsə bağlı olduğu hissəsi axtarılsın. Bunun üçün həmin sözün qarşısında “+” qoyuruq. Misal üçün, yalnız digital marketing haqqında informasiya tapmaq istəyirsinizsə, digital sözünün qarşısında bu operatordan istifadə etməlisiniz.

Örnək:
ANS +TV
Alma +meyvə

Sorğu nəticələrindən bir sözün çıxarılması üçün (-)

Axtarışda qarşımıza bir sürü gərəksiz səhifələr də çıxır. Google-da belə səhifələrin axtarış nəticələrində görünməməsi üçün “-“ operatoru var. “+” olduğu kimi, çıxma operatoru da uyğun sözün qarşısında bitişik yazılır.

Örnək:
Fakir -oğlan
translater -Google

Tam dəqiq sözbirləşməsi (“”)

Dəqiq hər hansı bir sözbirləşməsini, ya da cümləni axtarmaq lazım ola bilər. Bunun üçünsə dırnaq işarəsindən istifadə olunur. Google bu işarənin ortasında yazılmış sözbirləşməsini tam və olduğu kimi axtarır.

Örnək:
“Qılınc və qələm” əsəri
“”
Unutmayaq ki, Google axtarış sorğusuna 32 söz yazmağa imkan verir.

Sözlərin kəsişməsi (*):

Elə də olur ki, axtardığımız sözbirləşməsində bir, ya da bir neçə sözü unuduruq. Bu halda bilinməyən sözün yerində “*” operatorunu yaza bilərik.

Örnək:
Mister və Missis *
Leonardo * Vinçi

Cache operatoru:

Axtarış sistemi daha öncəki axtarışlardan tapılmış teks yazılarını cache (keş) adlanan bir formatda yadda saxlayır. Əgər saytın axtarılan orijinal versiyası açılmırsa (misal üçün, saytın yerləşdiyi server işləmirsə) onda axtarış sistemi həmin keş fayldakı səhifəni göstərə bilər. Keşdəki səhifə arxivdə qaldığı kimi göstərilir və belə olduqda onun üzərində səhifənin keşdən olduğu bildirilir, eyni zamanda həmin versiyanın tarixi də yazılır. Həm də keşlənmiş səhifədə hər bir açarsözü öz rəngində işarələnir.

Elə axtarış sorğusu da verə bilərik ki, səhifənin keşlənmiş versiyası tapılsın. Əgər keşlənmiş səhifədə konkret hansısa bir informasiyanı axtarırıqsa, bu zaman saytın ünvanından sonra sorğu sözü yazırıq.

Örnək:
cache:www.yalan.info
cache:www.yalan.info şahmat

Unutmayaq ki, saytın ünvanı ilə “:” operatoru arasında boşluq olmamalıdır.

Filetype operatoru:

Bildiyimiz kimi, Google yalnız html səhifələri tapmır. Başqa formatda (html, pdf, doc, rtf…) olan məlumatlar axtarırıqsa, onda filetype operatorundan yararlanırıq.

Örnək:
Спецификация html filetype:pdf
Сочинения filetype:rtf

info operatoru:

Google-un hər hansı bir səhifəylə bağlı bildiyi bütün bilgiləri almaq üçün info operatoru var.

Örnək:
info:www.web.com.az
info:www.khojaly.girdman.com

site operatoru:

Bu operator axtarışı sadəcə bir domen, ya da sayt içində aparır. Yəni ki, əgər belə bir sorğu göndərsək: qonma saytları site:www.yalan.info, bu zaman Google-un bizə verdiyi nəticələr yalnız yalan.info saytı ilə məhdudlaşaraq “qonma” və “saytları” sözlərindən birinə aid olacaq.

Örnək:
Musiqi site:www.az-maz.com
Kitablar site:az

link operatoru:

Bu operator səhifəyə keçid verən bütün saytları tapır. Beləki, link:www.google.com sorğusu yalnız google.com səhifəsinə keçid olan səhifələri tapacaq.

Örnək:
link:www.web.com.az
Dizayn link:www.web.com.az

allintitle operatoru:

Əgər sorğunuzu “hamısı başlıqda” kimi tərcümə edilən allintitle operatoruyla başlatsanız, Google sizə sorğudakı bütün sözlərin başlıqda (HTML-in TITLE əmrində) olduğu səhifələri verəcək.

Örnək:
allintitle: Faydalı saytlar
allintitle: Web dizayn studiyası

intitle operatoru:

Bu operator ondan sonra gələn sözün başlıqda olduğu, başqa sözlərin isə səhifədə başqa yerlərdə olduğu nəticələri verir. Əgər bütün sözlərin qarşısında intitle operatorunu yazsaq, bu elə allintitle kimi bütün sözlərin başlıqda olduğu nəticələri verəcək.
Örnək:
Uyğulamalı Saytlar intitle: Mobil
intitle: Mobil intitle: uyğulamalı intitle: saytlar

allinurl operatoru:

Əgər sorğunun qarşısında allinurl yazsaq bu bizə axtarış sözlərinin URL-da olduğu səhifələri verəcək.

Örnək:
allinurl:mobil uyğulamalar
allinurl:sayt yaratmağın yolları

inurl operatoru:

Öncəki operatorda olduğu kimi, inurl-dan sonra gələn axtarış sözü də mütləq verilmiş nəticələrdəki səhifələrin URL-da yer almış olacaq. Sorğudakı qalan sözlər isə səhifənin başqa-başqa yerlərində ola bilər.

Örnək:
inurl:saytlar mobil
inurl:dizayn studiya

related operatoru:

Bu operator isə hər hansı bir səhifəyə oxşayan başqa səhifələri tapır. Beləliklə, related:www.google.az sorğusu mövzusu Google-un mövzusuna oxşar saytları tapacaq.

Örnək:
related:www.web.com.az
related:www.yalan.info

define operatoru:

Bu operatorun yardımı ilə hər hansı bir sözün açıqlamalı anlamını öyrənə bilərik.

Örnək:
define: kenquru
define: tozsoran

Sinonimlərin axtarılması operatoru (~):

Əgər hər hansı bir sözlə birlikdə onun sinonimlərinin də axtarış nəticələrində olmasını istəyirsinizsə, bu zaman həmin sğzün qarşısında “~” işarəsini qoymalısınız.
Örnək:
~paket növləri
professional ~usta

Diapazon operatoru (..):

Rəqəmlərlə işləyənlər üçünsə Google aralıqda axtarış aparmaq imkanı verir. Hər hansı aralıqdakı rəqəmlər olan səhifələr axtarırsınızsa, bu zaman həmin aralığı göstərmək üçün iki nöqtə (..) operatorundan yararlanırıq.

Örnək:
Kitab al $100..$150
Əhalinin sayı 1913..1935

Bunlar Google anladığı operatorlardan bir neçəsidir. Onların yardımı ilə axtarışa daha az zaman itirmiş olarsınız, nəinki onlarsız.

Oxumağa Dəyər:

Bu Mövzuya Uyğun Başqa Yazılar

Bir Cavab Yaz